Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa şirkətləri yeni məkanlar axtarırlar

Avropa şirkətləri yeni məkanlar axtarırlar


Çinin Fransadakı səfiri Lu Şae yerli nəşrlərdən birinə verdiyi açıqlamada ölkəsinin Tayvan adasını hərbi yolla geri qaytarmağa hazır olduğunu bildirib. Böyük ehtimalla səfir Pekinin təlimatıyla yerli nəşrlərdən birinə belə bir açıqlama verib. Pekin səfirlərinin diliylə bu cür açıqlamalar vasitəsilə ABŞ və Avropanı Tayvanla bağlı qərarını həyata keçirməyə başlayacağına hazırlamaq istəyir.

ABŞ hərbi təyyarələri isə Tayvan adası ətrafında kəşfiyyat uçuşlarını davam etdirirlər. Son aylarda bu uçuşların sayı artıb və bu durum Pekini ciddi narahat edir. Pekin bu uçuşların bölgədə vəziyyəti gərginləşdirdiyi qənaətindədir. Çin Müdafiə Nazirliyi açıqlama yayaraq Pentaqonu Tayvana hərbi dəstək verməkdən imtina etməyə çağırıb.

Vaşinqton Tayvanla bağlı siyasətini dəyişməyəcək. ABŞ prezidenti Co Bayden 23 mayda verdiyi açıqlamada, Tayvana hücum olacağı halda ABŞ-ın adanın müdafiəsində iştirak edəcəyini bildirib. Bu Vaşinqtonun Pekinə ciddi xəbərdarlığı idi.

Mövcud vəziyyət Avropa İttifaqını da narahat edir. Çünki Çin Tayvana qarşı hərbi əməliyyata başlayarsa Avropa İttifaqı Rusiyanın timsalında olduğu kimi Çinə qarşı da sərt sanksiyalar qəbul etmək məcburiyyətində qalacaq. Aparılan sorğular göstərir ki, Çində fəaliyyət göstərən Avropa şirkətlərinin dörddə bir hissəsi bu ölkəni tərk etmək barədə düşünür. Bu həm Çinin Tayvana qarşı mümkün hərbi hücumu, həm də Pekinin koronavirusa qarşı mübarizə üsulları ilə əlaqəlidir. Pekin koronavusla mübarizədə ən sərt üsullardan yararlanır. Qapanmalar Çində çalışan Avropa şirkətlərinin fəaliyyətinə mənfi təsir edib. Çindəki Avropa şirkətlərinin təxminən 20 faizi kapitallarını Cənubi Asiyanın digər ölkələrinə yönəltməyi planlaşdırır.

Bu arada, ABŞ prezidenti Co Baydenin Honkonqdakı vəziyyətlə əlaqədar ABŞ-ın Çinə qarşı sanksiyalar rejimini daha bir il uzatması diqqəti çəkib. Ağ Evin yaydığı bəyanatda Çinin Honkonqun muxtariyyətini pozmağa yönəlmiş hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə kimi qiymətləndirilib. Çin parlamenti 2020-ci ilin yayında Honkonqda milli təhlükəsizliyin təmin edilməsi haqqında qanun qəbul edib. Pekin bu qanunu terrorizm, separatizm, dövlət hakimiyyətinə zərbə vurmaq, xarici qüvvələrlə sövdələşmə təhlükələrinə qarşı mübarizə məqsədi daşıdığını vurğulasa da, Ağ Ev bunu Honkonqun muxtariyyətinin pozulması kimi qəbul edib.

Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş