Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətçiliyimizin SİMVOLU

Dövlətçiliyimizin SİMVOLU


Azərbaycanın əldə etdiyi uğurların və tarixi Zəfərin kökündə Ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhtəşəm dövlətçilik ənənələri, Onun dönməz siyasi kursu dayanır. Ümummilli liderin 53 il əvvəl, 1969-cu il iyulun 14-də Azərbaycanın siyasi rəhbərliyinə gəlməsi milli inkişafımızın istinad nöqtələrindən biri hesab edilə bilər.

Heydər Əliyevin birinci hakimiyyəti dövrü Azərbaycanın dövlət idarəçilik aparatında və respublika həyatında tamamilə yeni və fərqli bir dövrün başlanması ilə yadda qalıb. Bu tarixi mərhələdə Vətənimiz və xalqımız üçün, sözün əsil mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş əsasını qoyulub. Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanıldı, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradıldı, əhalinin rifahı xeyli yüksəldi, elm, təhsil, mədəniyyət güclü inkişaf yoluna qədəm qoydu, milli şüurun oyanışında əsil intibah başlandı.

Heydər Əliyev bir-birinə zidd olan iki sistemin - sosializm və demokratik cəmiyyət şəraitində ölkənin idarəçiliyinə başçılıq etmiş və hər iki cəmiyyətdə Azərbaycanı böhrana düşdüyü vəziyyətdən qurtarmış, Xilaskarlıq missiyasını şərəflə yerinə yetirmişdir. Məhz Onun milli müstəqil dövlətçilik ideologiyası 1993-cü il iyunun 15-də Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı ilə öz gerçək təcəssümünü tapdı, Azərbaycan əsası 1969-cu ildən başlanan milli inkişaf yoluna qədəm qoydu.

Heydər Əliyev hər iki hakimiyyəti dövründə müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadr hazırlığına xüsusi diqqət yetririrdi. Onun hakimiyyətinin birinci dövründə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır.

Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı cənab İlham Əliyevə əmanət edib. Prezident İlham Əliyev Onun ideyalarının işığında ölkəmizi daha da irəıli aparıb, Ulu öndərin əsasını qoyduğu Milli Ordumuz Cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalına son qoyub, ərazilərimiz işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Ümummilli Liderin vəsiyyəti yerinə yetirilib.

Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bu gün Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanaraq Azərbaycanın daha da uğurlar qazanması üçün yorulmadan fədakarlıqla çalışır. Ölkəmizin əldə etdiyi misilsiz nailiyyətlər bir daha təsdiqləyir ki, Azərbaycanda Heydər Əliyev Siyasətinin alternativi yoxdur.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş