Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətimiz qazilərə, şəhid ailələrinə yüksək diqqət göstərir

Dövlətimiz qazilərə, şəhid ailələrinə yüksək diqqət göstərir


Dövlətimiz Birinci və İkinci Qarabağ müharibəsində iştirakından asılı olmayaraq bütün qazilərə, şəhid ailələrinə eyni doğma münasibət və yüksək diqqət göstərir. Hərbiçilərin və hərbi xidmətdən tərxis olunmuş şəxslərin sosial statusunun dəstəklənməsi dövlətin önəmli vəzifələrindəndir. Müharibə şəraitində yaşamış ölkə üçün isə sözügedən vəzifə milli prioriteti təşkil edir. Azərbaycan Respublikasında hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Tarixi Qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı və mərdliyi ilə savaş meydanında qazanılmışdır. Dövlət daim Azərbaycan vətəndaşının yanındadır və Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla qayğı göstərir. Davamlı olaraq müşahidə etdiyimiz institusional təşəbbüslər sayəsində dövlət siyasətinin sosial yönümlüyü qorunur.

Bütün qərəzli tənqid və təxribatlara rəğmən Azərbaycan cəmiyyəti qazi və şəhid ailələrinə ayrılan yüksək diqqət və qayğının şahididir.İşğal altında qalmış ərazilərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan hərbiçisinin taleyi və onun problemləri daim Prezident İlham Əliyevin diqqətindədir. Dövlətimizin başçısının sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı”, “Zəfər”, “Qarabağ”, 1, 2 və 3-cü dərəcəli “Vətənə xidmətə görə”, habelə “Rəşadət” və “Azərbaycan Bayrağı” kimi ordenlər təsis olunmuşdur. Cənab Prezident tərəfindən həmçinin “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın, Füzulinin, Xocavəndin, Zəngilanın, Suqovuşanın, Qubadlının, Şuşanın, Kəlbəcərin, Ağdamın və Laçının azad olunmasına görə, o cümlədən “Hərbi xidmətlərə görə” müvafiq medallar da təsis olunmuşdur. Bu cür təltiflərin təsis olunması şəhid, qazı və müharibə iştirakçılarına dövlət ehtiramının təcəssümüdür.

Qazi və şəhid ailələrinə göstərilən qayğı kontekstində Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “YAŞAT” Fondu və “Qarabağ Dirçəliş Fondu”nun fəaliyyəti xüsusi olaraq qeyd olunmalıdır. Sözügedən Fondların fəaliyyəti dövlət qayğısının institusional təzahürü olmaqla yanaşı, cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin növbəti göstəricisidir.

Dövlətimiz, Ali Baş Komandanımız hər zaman öz əsgərinin, qazısının və şəhid doğmalarının yanındadır. Bunu dövlətin müharibə iştirakçıları və şəhid ailələri ilə bağlı olan bütün sosial layihələri də isbatlayır. Prezident cənab İlham Əliyev şəhid ailələri ilə çoxsaylı görüşlərinin birində bunu belə ifadə etmişdir:

“Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim.”

Həbib Misirov-YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbəri paylaş