Son günlər qazilərimiz üzərindən çirkin oyunların aparıldığının şahidiyik.
Xüsusi təlim keçmiş "əli telefonlular" bilərəkdən qazilərimizi etiraz etməyə, hətta intihara belə sövq edirlər. Sanki həmin "əli telefonlular" qrant layihəsi icra edirmiş kimi qazilərin psixoloji sarsıntılarından zövq alır və böyük can-fəşanlıqla onların öz canlarına qəsd etmələrinə şərait yaradır, qaragüruhun "like" və ağzıköpüklü rəylərinin çoxaldılmasına tələsirlər...
Bəli, müharibənin dəhşətlərini görmüş qazilərimizin bu gün psixoloji əhval-ruhiyyəsi aşağıdır, keçirdikləri sarsıntılardan əziyyət çəkirlər. Lakin dövlət də, ictimai sektor da bu gün onların reabilitasiyası üçün bütün imkanlarını səfərbər edib. Hər kəs çalışır ki, qazilərə dəstək olsun...
Bəs, görəsən, təfəkkür səviyyəsi "xoruz döyüşdürən" olan bu "əli telefonlular" nə üçün bu qədər rahatlıqla qazilərin intiharına səbəb ola bilirlər? Bəlkə, "jurnalist" çətiri altında gizlənən bu qazi düşmənlərinə çox mülayim münasibət göstərilir? Niyə imkan verilir ki, qazi intiharları üzərindən statistika tutanlar növbəti qurbanların arxasınca getsinlər?
Yaxud, bir dəfə də olsun qazi və ya şəhid ailəsinin qapısını döyməyən, "əli telefonlular"ın ideyavericiləri olan Əli Kərimli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu kimilər hansı cəsarətlə qazi-dövlət qarşıdurması yaradırlar? Biri aksiya çağırışı edir, digəri dövləti ittiham edir və anti-dövlət mühiti formalaşdırmağa səy göstərir. Axı, yaxşı xatırlayırıq ki, AXCP-nin 2012-2013-cü illərdə təxminən eyni motivli və çağırışlı icazəsiz aksiyalarına bəlli institutlar tərəfindən yüz minlərlə dollar qrant ayrılmışdı. Bəs, indi niyə onlara yenidən belə şərait yaradılır?
Bilməliyik ki, qazilər də, şəhidlər də xalqındır. Onlar xalq və Vətən naminə sağlamlıqlarından və canlarından keçiblər. Onlar toxunulmazdır və ali dəyərdirlər. İmkan verməməliyik ki, qazilərimizə də, şəhidlərimizə də kimlərsə dil, əl uzatsınlar. Bu səbəbdən də, qazini intihardan, şəhid ailəsini problemindən xilas olmasına köməklik göstərməyib, əksinə od üzərinə yanacaq tökənlər həm ictimai qaydada qınanmalı, həm də hüquq müstəvisində cavab verməlidirlər. Ən azında çalışılmalıdır ki, qazilər, şəhid ailələri üçün iş görməyə çalışanlara mane olunmasın, fəaliyyətlərinə kölgə salınmasın. Bu işdə elə qazilərimiz də, şəhid ailələrinin üzvləri də fəal olmalı, dövlətimizi də, qazimizi də, şəhidimizi də birgə müdafiə etməli, qorumalıyıq.
Ramil Vəlibəyov-YAP Nizami rayon təşkilatının sədri