Şəhidlər, onların ailələri, qazilər milli qürurumuzdur. Müvafiq qurumların başlıca vəzifəsi şəhid ailələri və qazilərlə bağlı üzərlərinə düşən öhdəlik və vəzifələri yerinə yetirmək olmalıdır. Aidiyyatı qurumların qazilərlə bağlı atdıqları bütün addımlar diqqət mərkəzindədir . Əsas məqsəd qazilərlə psixoloji işin düzgün aparılması, onların cəmiyyətdən təcrid edilməməsi olmalıdır.
Burada xüsusilə vurğulanmalıdır ki, Prezident İlham Əliyev tərəfindən qazi və şəhid ailələri ilə bağlı hökumətə ciddi tapşırıqlar verilib. Hər kəsə məlumdur ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da bir çox dövlətlər üçün nümunəvi sayıla bilər. Avtomobillərlə və mənzillərlə onların təmin edilməsi belə nümunələrdən bir neçəsidir. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Hazırda da bu istiqamətdə ciddi işlər aparılır. 44 günlük mübaribədən sonra şəhid ailələri və qazilərlə bağlı dövlətin elan etdiyi sosial proqramlar həyata keçirilməkdədir.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanları bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılmasının və onlara göstərilən dövlətin dəstək və davamlı qayğının bariz nümunəsidir.
Təəssüflər olsun ki, son günlər qazilər arasında intihar hallarının sayı artıb. İntihar edən qazilərin çəkilişlər zamanı verdikləri açıqlamalar və onların ailə üzvlərinin hadisələrdən sonra verdikləri açıqlamalar onu göstərir ki, özünəqəsd halları heç bir halda sosial və maddi məsələlərlə bağlı deyildi. Yə'ni, bəzi müxalifət media resurslarında bilərəkdən deyildiyi kimi - problem pulda, manatda deyildi.
Məlum məsələdir ki, qazilər müharibədən çıxmış və ciddi şəkildə reabilitasiyaya, yenidən dinc həyata adaptasiyaya ehtiyacı olan şəxslərdir. Sirr deyil ki, istənilən müharibədə olduğu kimi 44 günlük savaşdan çıxan şəxslər müəyyən gərginliklər keçirir, top səslərindən tutmuş, döyüş yoldaşlarının itirilməsi kimi hadisələri yada salırlar. Bu xüsusda, onların ətrafında olan hər bir şəxsin, dostlarının, döyüş yoldaşlarının, yaxınlarının qazilərə mənəvi dəstək vermələri olduqca vacibdir. Həmçinin, yerli və ali qurumlar müvafiq kommunimasiyanı səlist şəkildə qurmalıdırlar, dövlətin bu kateqoriyadan olan insanlarla bağlı apardığı siyasətə xələl gətirməməlidirlər.
Son günlər, bir - birinin ardınca yayılan videolar, saytlar və youtube kanallar vasitəsilə tirajlanan materiallar qazilərin lehinə deyil, əleyhinə nəticələnməkdədir. Əmin olun ki, bu hadisələr Azərbaycanın düşmənləri tərəfindən də ciddi şəkildə təbliğ olunur. Qazilərə dəstək adıyla onları qızışdırmaqla məşqul olan qrupların quyruqlarının qonşu və uzaq darvazalarda ola biləcəyi ehtimalını da gəlin unutmayaq. Hazırda regionda ciddi şəkildə savaş gedir. Bölgədə 2 əsr mövcud olmuş geosiyasi konfiqurasiya dağıdılır, yerinə rəsmi Bakının şəxsən başçılıq etdiyi regional geosiyasi və geoiqtisadi münasibətlər sistemi gətirilir. Sözsüz ki, bundan razı olmayanlar var və onlar cəmiyyətlər üçün həssas olan gah dini təriqət, gah dil, gah milli, gah isə postmüharibə dövründən istifadə edərək həssas kateqoriya ilə bağlı hansısa fikirlərə düşmüş olacaqlar. Belə olan təqdirdə, siravi vətəndaşından tutmuş məmuruna kimi hər kəs ayıq olmalı, üzərinə düşən funksiyanı yerinə yetirməli, belə halların yayılmasına yol verməməlidir.
Dövlətin müvafiq qurumları tərəfindən hazırda araşdırmalar davam edir. Əmin olun ki, günahı olan bütün şəxslər mütləq şəkildə cavab verəcəklər.
Zaur Məmmədov