"Ancaq indi daha dərin təhlil aparılır. Çünki orada daha böyük həcmdə su elektrik stansiyalarının inşası mümkündür. İndi təhlil hazırlanır, yəqin ki, biz orada perspektivdə ancaq kiçik su elektrik stansiyalarından mindən çox meqavat götürə bilərik".
Newscenter.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev cari ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə səsləndirib. Dövlət başçısı qeyd edib ki, artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq:
"Bu da əlavə, bizə 50 meqavat verəcək. Yəni, bu sahə bizdə İkinci Qarabağ müharibəsinə qədər prioritet sahə idi. Ancaq bu gün bu, artıq yeni pilləyə qalxır. Yenə də demək istəyirəm ki, bərpaolunan enerji növlərinin istehsalına, - su elektrik stansiyalarından başqa, - dövlət bir manat da pul qoymur, ancaq xarici investisiyalar qoyulur. Əlbəttə, bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək. İndi biz ənənəvi yolla - mövcud olan yüksək gərginlik xətlərlə ixrac edirik".
Dövlət başçısı onu da diqqətə çatdırıb ki, biz gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik və Avropa tərəfindən yeni layihə təqdim edildi:
"Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və biz bu layihəyə də maraq göstəririk. Yəni, bu sahədə çox böyük perspektivlər var. Eyni zamanda, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək və qənaət edilmiş təbii qazı ixrac edək, xüsusilə nəzərə alsaq ki, bizim qazımıza təlabat indi kəskin artıb. Bunun səbəbi də bəllidir və biz əlbəttə ki, bu istiqamətdə işləyirik. Perspektivli yataqlardan çıxarılacaq qazı həm daxili təlabatı ödəmək üçün, eyni zamanda, ixrac üçün də nəzərdə tutmuşuq. Hələ ki, bizim ixrac resurs bazamız “Şahdəniz” yatağıdır. Amma yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir. Yəni, çox böyük resursdur və bütün sadaladığım layihələr üzrə fəal işlər gedir. Bu, sadəcə olaraq, kəşfiyyat layihələri deyil, fəal işlər gedir. Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. Yəni, bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir".
Anar