Lənkəranda məktəbli qızın icra başçısının müavini və məktəb direktoru tərəfindən döyüldüyü iddia olunur.
Newscenter.az Ucnoqta.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, bu şəkilləri ona göndərən şəxs iddia edir ki, bacısı qızını bu hala salan məktəb direktoru və başçı müavinidir:
“Şəkilləri mənə göndərən şəxs iddia edir ki, bacısı qızını bu hala salanlar Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) olub. Məktəblini attestat vermək adı ilə evə çağırıb evdə fiziki zorakılıq tətbiq ediblər”.
Məsələ ilə bağlı Lent.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, həmin hadisə ilə bağlı Lənkəran ŞRPŞ-yə daxil olmuş müraciət əsasında araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən də hazırda məsələ ilə bağlı araşdırılma aparıldığı bildirilib.
Onun sözlərinə görə, buna səbəb məktəblinin Rəsilə Əliyevanın qızının telefonundan başqasına mesaj yazması olub:
“Buna səbəb Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Öz qızını da döyüb deyilənə görə, amma belə yox. Şiddət göstərməklə nə əldə edəcəyinizi bəri başdan deyim. Fakt təsdiqini taparsa, əlvida kreslo”.