"Nəqliyyat sektorunda görüləcək işlərlə bağlı hökumətə tapşırıqlar artıq verildi. Bir daha qeyd etmək istəyirəm, bizim gəmiqayırma zavodumuz tam gücü ilə işləməlidir, nə qədər imkanı varsa, o qədər də gəmi, tanker, bərə istehsal etməlidir. Bu zavodun imkanları gərək yenidən araşdırılsın. Mənə verilən məlumata görə, ildə 6 tanker - bərə, yük gəmisi istehsal oluna bilər. Baxmaq lazımdır ehtiyac nə qədərdir, Xəzəryanı ölkələrdə gəmilərin sayı nə qədər artacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev cari ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə səsləndirib. Dövlət başçısı deyib ki, qonşu ölkələrlə bu məsələləri müzakirə etməliyik:
"Ola bilsin, biz qonşu Xəzər ölkələri ilə istehsal olunacaq gəmilərin növləri ilə bağlı hansısa razılığa gələk ki, eyni gəmi növlərini istehsal etməyək. Çünki Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. İndiki şəraitdə biz buna hazırıq. Amma biz Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlamalıyıq, limanı genişləndirməliyik. Mənə bu yaxınlarda verilən məlumata görə, artıq ərazimizdən keçən yükləri aşırmağa bizim imkanımız yoxdur. Çünki biz beynəlxalq ticarət limanını o vaxt olan yüklərə görə inşa etmişik, birinci fazasını başa çatdırmışıq. İndi tezliklə ikinci fazaya keçmək lazımdır".
Dövlət başçısı diqqətə çatdırıb ki, hökumətə də tapşırıq verildi, nə lazımdırsa, onu edəcəyik:
"Dibdərinləşdirmə işləri də aparılmalıdır. Çünki Xəzərin suyunun səviyyəsi düşür. Ona görə gəmilərin daha sürətlə gedib-gəlməsi üçün yeni kanallar qazılmalıdır. Odur ki, dibdərinləşdirmə işləri də, bunlar da nəzərdə tutulur. Limanın genişləndirilməsi, yeni gəmilərin inşası, bütün bizim nəqliyyat qurumlarının vahid mexanizm kimi işləməsi. Çünki əvvəllər bu, yox idi, necə deyərlər, hərəsi yorğanı öz tərəfinə dartırdı. İndi gəmiçilik, liman, dəmir yolu bir mexanizm kimi işləməlidir və mən bunu hökumətə tapşırmışam. Baş nazirin rəhbərliyi altında indi müşavirələr keçirilib. Gələn ilin büdcəsi formalaşanda əlbəttə ki, biz bu sahəni xüsusilə nəzərdə saxlamalıyıq. Çünki bu, bizim iqtisadi imkanlarımızı artıracaq, eyni zamanda, tranzit potensialı artacaq, iş yerləri yaradılacaq və biz - açıq dənizlərə çıxışı olmayan ölkə çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik".
Anar Əliyev