Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Üç rayon üzrə “Məktəb hesabatları” dinlənilib

Üç rayon üzrə “Məktəb hesabatları” dinlənilib


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb hesabatları”nın dinlənilməsinin növbəti sessiyaları Qaradağ, Yasamal və Səbail rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib.

Newscenter.az İdarəyə istinadən xəbər verir ki, dinləmələrdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, müdir müavini Xəyalə Əhmədzadə, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Ümumi sektorun müdiri Sevinc Rəsulova, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Təminat və Təchizat sektorunun müdiri Səccət Mahmudov və məktəb direktorları iştirak ediblər.

Paytaxtdakı 21 nömrəli tam orta məktəbdə təşkil olunmuş dinləmələrdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Məktəb hesabatları”nın dinlənilməsinin ümumi təhsildə qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynadığını və bu işin mütəmadi davam etdirilməsinin vacibliyini qeyd edib.

İdarə müdiri məktəb direktorlarının səmərəli idarəetmənin təşkilində üzərlərinə düşən vəzifələr və müasir dövrün tələblərinə uyğun tədrisin təşkili təcrübəsinə yiyələnməsinin vacibliyi məsələlərini nəzərə çatdırıb. Məktəbin hərtərəfli inkişafı və tədris göstəricilərinin yaxşılaşdırılması məqsədilə təsirli tədbirlərin görülməsinin əhəmiyyətinə toxunan M.Vəliyeva inkişafetdirici təşəbbüslərə xüsusi diqqət yetirilməsini önə çəkib.

Həmçinin M.Vəliyeva tədris ilinin sonunda fəaliyyətə dair təhlilin aparılmasının perspektiv addımların və növbəti tədris ilində qarşıda duran vəzifələrin müəyyənləşdirməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Şagird nailiyyətlərinin artırılması, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsi, məktəb hesabatlılığı, elektron təhlil sisteminin qurulması və digər müvafiq məsələlərdən söhbət açan İdarə müdiri məktəblərdə fəaliyyətin sistemli təhlilinə diqqətin artırılmasının zəruriliyini də diqqətə çatdırıb.

Məktəb direktorlarının hesabatları dinlənildikdən sonra Ümumi təhsil sektorunun müdiri Fuad Babayev Qaradağ, Yasamal və Səbail rayonları üzrə ümumi təhsil məktəblərinin tədris göstəricilərinin, həmçinin olimpiada və müsabiqələrin nəticələrinin təhlilinə, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə ümumi təhsil məktəblərində IV və IX siniflərdə keçirilən monitorinq və buraxılış imtahanlarının nəticələrinə aid təqdimatla çıxış ediblər. Təminat və təchizat sektorunun müdiri Səccət Mahmudov isə məktəblərin təmir, tikinti və təchizat məsələləri barədə fikirlərini bildirib.

Sonda məktəb direktorlarını maraqlandıran məsələlərə aydınlıq gətirilib, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

R.Mehdiyeva
Xəbəri paylaş