Ukrayna hökuməti ABŞ-ın “JPMorgan Chase”, “Citigroup”, Böyük Britaniyanın HSBC və Fransanın “Credit Agricole” şirkətlərini Rusiya nefti ilə ticarət edən şirkətlərlə əməkdaşlığı dayandırmağa çağırıb və əks təqdirdə onlara qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldıracağı ilə hədələyib.
Newscenter.az-ın məlumatına görə, “Report” “Financial Times”a istinadən xəbər verir ki, Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bu maliyyə qurumlarının rəhbərliyinə müvafiq məktublar göndərib.
O.Ustenko adı çəkilən bankları Ukraynada hərbi əməliyyatların uzanmasına yardım göstərməkdə ittiham edib.
Məktubda “JPMorgan”ın proqnozu tənqid edilir.
Xatırladaq ki, “JPMorgan”ın ekspertləri Rusiyanın enerji resursları üçün maksimum qiymətinin müəyyən ediləcəyi təqdirdə, “qara qızıl”ın bir barelinin 380 dollara yüksəlməsi riskinin olması ilə bağlı xəbərdarlıq etmişdi.
Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri isə hesab edir ki, bu məlumat “çaxnaşma yaradır” və “keyfiyyətsiz təhlil”ə əsaslanır.
Bundan başqa, o, Rusiya neftinin ticarəti ilə əlaqələri olan şirkətlərlə əməkdaşlığı dayandırmağı, həmçinin Rusiyanın neft-qaz şirkətlərindəki səhmləri satmağı tələb edib.
HSBC və “Credit Agricole” “Qazprom” və “Rosneft”in səhmlərinə sahibdir. Üstəlik, onlar Rusiya neftinin ticarəti ilə məşğul olan “Lukoyl” və “Vitol”a kredit verir. “JPMorgan” da “Vitol” şirkətinə kredit verir və onun investisiya fondu “Qazprom”, “Rosneft” və “Sberbank”da səhmlərə malikdir.