Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır

Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır


Prezident İlham Əliyev 15 iyul tarixində keçirilən 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı bir çox məsələrə aydınlıq gətirdi. Ölkədə baş verən prosesləri və xalq üçün qaranlıq qalan bir çox məqamları da Prezident müşavirədə açıqladı.

Əvvəlcə Prezident ölkənin inkişafına nəzər saldı. Əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışdı. Prezident bildirdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr də icra edilir. Ölkəmizin beynəlxalq nüfuzu daha da artır. Bu yoldakı nəticələr arasında ölkə başçısı Qoşulmama Hərəkatındakı uğurları xüsusi olaraq qeyd etdi. Prezident Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfə verdiyini nəzərə çatdırdı.

Eyni zamanda ölkə başçısı müşavirədə Avropa İttifaqı və Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparıldığını da anons etdi. Dünən isə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd – enerji təhlükəsizliyi ilə bağlı saziş imzalandı. Bununla da ölkələr arasında olan əməkdaşlıq daha yüksək səviyyəyə qaldırıldı. Həmçinin Prezident qonşu ölkələrlə əlaqələrin inkişafının da hər zaman əsas prioritetlərdən biri olduğunu vurğuladı. O bildirdi ki, Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər əlaqələrin inkişafı üçün zəmin yaradır.

Önəmli məqamlardan biri kimi ölkə başçısı çıxışı zamanı qeyd etdi ki, beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada aparılan siyasət Azərbaycana daxili problemləri daha böyük uğurla həll etməyə imkan verir. Dövlət başçısı Ermənistanla olan münasibətlərə toxunaraq bildirdi ki, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipinin Ermənistan tərəfindən qəbul edildiyini də xatırlatdı.

Son vaxtlar Ermənistan rəhbərinin yenə də hansısa status haqqında danışmağa başladığını deyən ölkə rəhbəri bildirdi ki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Status haqqında danışmağın Ermənistan üçün çox təhlükəli məsələ olduğunu da Prezident vurğuladı.

İqtisadi sahədə aparılan islahatlara da nəzər yetirən ölkə başçısı dedi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılıb. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Əhalinin gəlirləri də təxminən 20 faiz artıb. İnflyasiya 12 faizdən bir qədər çoxdur.

Azərbaycanın enerji imkanlarının bir çox ölkələr üçün böyük önəm daşıdığını vurğulayan İlham Əliyev bu sahədə də işlərin planlı şəkildə aparıldığını qeyd etdi. Avropa tərəfindən də Azərbaycana yeni layihə təqdim edildiyi bildirildi. Prezident dedi ki, Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və Azərbaycan bu layihəyə maraq göstərir. Bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının İdarə Heyətinin üzvü Könül İsmayılova
Xəbəri paylaş