Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən böyük miqyaslı tikinti və bərpa işləri aparılır.
Bu istiqamətdə Oğuz-Şəki avtomobil yolunun 34.6 km-lik əsas hissəsinin yenidən qurulması davam etdirilir. Əsas hissənin 7 km-i 3-cü texniki dərəcəyə uyğun, 27.6 km-i isə 2-ci texniki dərəcəyə uyğun şəkildə inşa edilir.
Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, yenidənqurma işləri zamanı yolboyu genişləndirmə işləri aparılıb, yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilib. Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb, su keçidləri inşa olunub. Hazırda yolboyu aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması layihəsinə əsasən, Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni körpünün inşası həyata keçirilib. Yeni 1 aşırımlı avtomobil körpüsünün uzunluğu 15 metr, eni isə 13 metr təşkil edir.
Daşağıl çayı üzərində 132, Küngüt çayı üzərində 78, Kiş çayı üzərində 420, Qurcana çayı üzərində isə 42 metr uzunluğunda olan mövcud körpülər üzrə isə nəzərdə tutulan təmir işləri davam edir. Artıq Daşağıl və Küngüt çayları üzərində körpülərin təmiri yekunlaşıb. Yolboyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi də layihə üzrə yerinə yetirilib.
Layihə çərçivəsində 9 km uzunluğa malik “Şəki dairəvi yolu”nun (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmir işləri də davam edir. Qeyd edək ki, Şəki dairəvi yolunun 6 km-lik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəli, 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlı olmaqla 2-ci texniki dərəcəlidir.
Layihə üzrə nəzərdə tutulan 3.4 km-lik Oğuz şəhərinə giriş yolunun tikintisi yekunlaşıb. 3.2 km-lik Şəki şəhərinə giriş yolunun 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması isə davam edir.
Yenidənqurma işlərinin sonunda zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr, dayanacaqlar quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Yenidənqurma işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Sevinc