Prokurorluq Nabranda istirahət mərkəzində 11 nəfərin zəhərlənməsi ilə bağlı açıqlama verib.
Newscenter.az-ın xəbərinə görə, Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir:
"Vəziyyətləri normal qiymətləndirilir.
Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib".