“İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” çox böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, yeni imzalanmış Memorandum Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış birinci sənəd deyil. 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə isə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb”.
Newscenter.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Azərbaycan – Avropa İttifaqı qarşılıqlı əməkdaşlığının kifayət qədər uğurlu tarixçəsi və real nailiyyətləri vardır. Bu günədək Azərbaycanın reallaşdırdığı demək olar ki, bütün enerji layihələri Avropa İttifaqı və tərəfdaş ölkələr tərəfindən dəstəklənib. Bu layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişir. Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq mövcuddur ki, bu da böyük nailiyyətdir.
Memorandumun əhəmiyyətini vurğulayan deputat bildirib ki, bu sənəd Azərbaycan ilə Avropa İttifaqı arasında enerji tərəfdaşlığını daha da gücləndirir: “İlk növbədə, Anlaşma Memorandumunda nəzərdə tutulan vacib məqamlardan biri Azərbaycandan Avropa İttifaqına göndəriləcək qazın həcminin ikiqat artırılması niyyətidir. Bununla bağlı Avropa İttifaqı öz üzərinə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair öhdəlik götürüb. Nəzərdə tutulub ki, hazırda nəql olunan illik 8 milyard kubmetr qaz həcmi gələn il 12 milyard, növbəti bir neçə il ərzində isə 20 milyard kubmetrə çatdırılsın.
İmzalanmış sənədin strateji əhəmiyyətini əks etdirən daha bir məqam bərpaolunan enerji ilə bağlıdır. Məlumdur ki, Azərbaycan bu sahədə də nəhəng potensiala malikdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev media üçün bəyanatda bu məqama xüsusi toxunaraq bildirdi ki, ilkin qiymətləndirməyə görə, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavata, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə keçirdiyi geniş tərkibdə görüşün gedişində müzakirə olunan mövzulardan biri də “yaşıl” hidrogenlə bağlı oldu. Anlaşma Memorandumunun imzalanması ilə bu vacib sahədə də Azərbaycanla Avropa İttifaqı arasında gələcək əməkdaşlığın möhkəm təməli qoyulmuş oldu. Beləliklə, Azərbaycan yaxın gələcəkdə Avropa İttifaqı üçün təkcə yanacaq növlərinin təchizatçısı deyil, həm də bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaş olacaq.”
Millət vəkili Avropa İttifaqı ilə əlaqələrin ölkəmizə sərmayə qoyuluşu baxımından da perspektivli olduğunu qeyd edərək deyib: “Azərbaycan – Avropa İttifaqı əməkdaşlığı qarşılıqlı etimad prinsiplərinə əsaslanır. Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin və əməkdaşlığın enerji sahəsindən başqa digər bütün aspektləri də müzakirə edilib. Yeri gəlmişkən, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iyulun 19-da Brüsseldə keçirilmiş iclasında da ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında yeni ikitərəfli saziş üzərində çalışmalar gedir. Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarlarından biridir. Bu gün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti ölkəmizi xarici investorlar üçün çox cəlbedici edir. Təbii ki, bu istiqamətdə də əməkdaşlığın genişləndirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin daha da inkişafına əhəmiyyətli töhfələr verə bilər”.
Ruhiyyə