Ölkəmizdə şəhid ailələri, qazilər və müharibə veteranları hər zaman ölkə başçısı, cənab prezident İlham Əliyevin diqqət mərkəzində olmuş və müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatının gücləndirilməsi Azərbaycan dövlətinin sosial siyasətinin prioritet hədəflərindən olmuşdur.Şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına hərtərəfli dəstəyin göstərilməsi istiqamətində ölkə başçısı, cənab Prezidentimiz İlham Əliyev rəhbərliyi ilə bir çox tədbirlər həyata keçirilmiş, sərəncamlar imzalanmış, qanunlar qəbul edilmişdir.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra şəhid ailəsi üzvləri və qazilərdən ibarət 100 min şəxsə 190 min xidmət göstərilmişdir. Beləki həmin şəxlərdən 93 min şəxsə proaktiv qaydada 104 min sosial ödəniş təyin olunmuşdur. Bundan başqa 7979 nəfər şəhid ailəsi üzvünə, 81 min 856 nəfər isə İkinci Qarabağ müharibəsi veteranı olan şəxslərə aylıq sosial ödənişlər təyin olunmuşdur.
Postmüharibə dövründə 3500 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunmuşdur. Ümumilikdə isə dövlətimiz tərəfindən 12 min 500 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunmuşdur. İkinci Qarabağ müharibəsindən sonra 264 müharibə əlili minik avtomobili ilə təmin edilmiş, ümumilikdə isə 7450 müharibə əlilinə dövlətimiz tərəfindən avtomobil təqdim edilmişdir.
Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilmişdir. Eyni zamanda 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə, 2500-dən çox qazi reabilitasiya xidmətləri ilə, 5 min ailə isə sosial-psixoloji xidmətlərlə təmin olunmuşdur:
“ Şəhidlərin ailə üzvlərinin, qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsi Azərbaycan Respublikasının dövlət büdcəsində də əks olunmuşdur. 2022-ci ilin dövlət büdcəsində İkinci Qarabağ müharibəsi ilə yanaşı Birinci Qarabağ müharibəsi zamanı xəsarət alan, lakin sığorta məbləğini almayan hərbi qulluqçulara və onların varislərinə sığorta məbləğinin ödənilməsi üzrə qəbul olunan öhdəliklərin mərhələli şəkildə qarşılanması üçün 67 milyon manat vəsait ayrılmışdır.
Bundan başqa 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat birdəfəlik ödəmə təyin edilmişdir.”
Vətən Müharibəsi Qəhrəmanlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sosial təminat sistemində yeni təqaüd növü kimi 2 min manat məbləğində Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təsis olunmuşdur – deyən Sədaqət Vəliyeva əlavə edib ki, ölkə başçısı, cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə 8 dekabr 2020-ci il tarixində «YAŞAT» Fondu təsis edilmişdir. Fond tərəfindən ümumilikdə 48,49 milyon manatdan çox ödənişlər həyata keçirilib. Həmin ödənişlərin 64,8 faizi müraciət edənlərin məişət şəraitinin yaxşılaşdırılmasına (31,8 milyon manat), 22,7 faizi tibbi xərclərin ödənilməsinə (11,13 milyon manat), 11,2 faizi borc öhdəliklərinin qarşılanmasına (5,51 milyon manat), 1,3 faizi isə təhsil peşə və başqa (0,63 milyon manat) istiqamətlərə yönəlmişdir.
Onu da qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra 6 mindən çox müharibə qazisinə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılmış və hazırda bu işlər davam etdirilməkdədir. Həlak olan hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişi, dəfn mərasiminin təşkili üçün 3 min manat maliyyə yardımı, şəhid ailələrinə aylıq 500 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməkdədir.
2021-ci ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən isə müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60% artırılmışdır:
“Əlbətdə dövlətimiz tərəfindən şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən bütün addımlar, qəbul edilən qərarlar və imzalanmış sərəncamlar ölkə başçısı, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin şəhidlərimizə, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına olan diqqətinin bariz göstəricisidir.”
Ruhiyyə