Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Azərbaycan informasiya cəbhəsində də üstün mövqedədir”

Könül Nurullayeva: “Azərbaycan informasiya cəbhəsində də üstün mövqedədir”


Azərbaycan Milli Mətbuatı böyük inkişaf yolu keçib. 1875-ci il iyulun 22-də “Əkinçi” ilə fəaliyyətə başlayan Azərbaycan mətbuatı xalqımızın milli şüurunun formalaşmasında, mili-mənəvi dəyərlərimizin qorunmasında başlıca rol oynayıb. Müstəqillik dövründə Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoydu, daha təkmil qanunvericilik bazası formalaşdı. Dünyada informasiyanın artdığı, əksər hallarda dezinformasiyaların səhih məlumatları üstələdiyi bir vaxtda Azərbaycan mediası öz nüfuzunu və peşəkarlığını daha da artırdı. İnformasiya cəbhəsində öz mövqeyini möhkəmləndirdi. 44 günlük Vətən müharibəsi həm də media üçün bir sınaq dövrü oldu və Azərbaycan mediası informasiya müharibəsində də öz üstünlüyünü qorudu. Düşmənin təxribatlarının qarşısı yüksək peşəkarlıqla alındı. Biz 44 günlük Vətən Müharibəsində informasiya cəbhəsində də fəallıq nümayiş etdirdik. Erməni tərəfi dezinformasiya siyasətini davam etdirirdi. Ermənipərəst mövqedən çıxış edənlər, qərəzli yanaşma sərgiləyənlər də var idi. Bununla belə, dünya Qarabağda baş verənlərlə bağlı ən operativ və dəqiq məlumatları Azərbaycandan alırdı. Bu mənada Böyük Qələbəmizdə medianın rolunu da xüsusi qeyd etməliyik. Bu gün dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur. Bu mənada döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə bitməyib və görünən odur ki, uzun müddət davam edəcək.

Təsadüfi deyil ki, Türk dünyasına qarşı aparılan dezinformasiya kampaniyasını zərərsizləşdirmək istiqamətində səylərin birləşdirilməsinin də təşəbbüskarı Azərbaycandır. Azərbaycan-Türkiyə Ortaq Media Platforması bu baxımdan çox yaxşı nümunədir. Təcrübə göstərdi ki, postmüharibə dövründə də ortaq platforma fəal olmalıdır. Bu gün ən təhlükəli tendensiyalardan biri kibertəhlükəsizlik və rəqəmsal hücumlardır. Bu təhlükələrə qarşı mütləq şəkildə media sahəsində ən effektiv təcrübələr birləşdirilməlidir. Şuşada keçirilən media forum bu baxımdan olduqca səmərəlidir. Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri prinsipiallıq, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmaq, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməkdir.

Könül Nurullayeva-Milli Məclisin deputatı
Xəbəri paylaş