Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 100 tursitdən cəmi 20-si Bakıdan kənara, rayonlara gedirlər. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qəbələdir. Azərbaycana gələnlərin 6,2 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, tursitlərin 4,5 faizi Qusarda, 3,1 faizi Qubada, 2,3 faizi Naftalanda, 1,1 faizi Şabranda, 0,7 faizi Naxçıvan Muxtar Respublikasında, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda gecələyiblər.
Göründüyü kimi, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərində yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.
Qeyd edək ki, bu ilin ilk yarısında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz artaraq 1 milyon 27 min olub. Xarici turistlərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 503,5 miə çatıb ki, bu da ümumi gecələmələrin 49,0 faizini təşkil edir.
Azərbaycan hotellərində qalanlar arasında körfəz ölkələri öndədir. Gecələmələrin 11,9 faizi Səudiyyə Ərəbistanı, 11,5 faizi Birləşmiş Ərəb Əmirliklərnin vətəndaşlarının payına düşüb. Xaricilərin 11,5 faizi Türkiyə, 10,7 faizi Rusiya Federasiyası, 4,4 faizi Böyük Britaniya, 3,9 faizi Küveyt, 3,8 faizi İsrail, 3,5 faizi Hindistan, 3,0 faizi ABŞ, 1,9 faizi Pakistan, 1,9 faizi Qazaxıstan, 1,7 faizi Almaniya, 1,5 faizi İtaliya, 1,4 faizi Gürcüstan, 1,4 faizi Qətər, 1,2 faizi İran, 0,9 faizi Özbəkistan, 0,8 faizi Niderland, 0,7 faizi Ukrayna, 0,6 faizi Fransa, 21,8 faizi isə digər ölkələrin vətəndaşları olublar.
Bu müddətdə hotellərin gəlirlərində də artım qeydə alınıb. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında hotellərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 63,1 faiz artaraq 147,0 milyon manat olub.
Vüqar Bayramov-Milli Məclisin deputatı