Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyana telefon zəngi edib. Düzdür, Entoni Blinken bu il ərzində bənzər şəkildə bir neçə dəfə zəng edib, lakin onun bir gündə iki dövlət başçısına zəng etməsi diqqət çəkir.
Aydın məsələdir ki, 44 günlük müharibə sonrası rəsmi Vaşinqtonun Cənubi Qafqaza daha dəqiq desək, Azərbaycan və Ermənistana diqqəti xeyli dərəcədə artıb. Bu marağın artmasında davam edən Rusiya-Ukrayna müharibəsinin də payı az deyil.
ABŞ-ın indiki məqamda həm Ermənistan, həm də Azərbaycana dair fərqli maraqlarının olduğu Blinkenin İlham Əliyev və Nikol Paşinyanla telefon söhbətində toxunduğu məqamlardan hiss olunur.
Misal üçün Ermənistan tərəfi Blinkenin Paşinyanla telefon danışığı zamanı əsasən Ermənistan-Azərbaycan və Ermənistan -Türkiyə münasibətlərini müzakirə etdiyini açıqlayıb.
Blinken Əliyevlə telefon danışığı zamanı isə əsasən bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti və ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyi göstərməyə hazır olması kimi məsələlər müzakirə edilib.
Yəni ABŞ indiki məqamda Ermənistanla təmasları əsasən Ermənistan-Türkiyə münasibətlərinin normallaşması kontekstində Azərbaycan ilə isə Avropanın enerji təminatı kontekstində formalaşdırır.
Ankaranın "qırmızı xətt"i Azərbaycandır!
ABŞ hazırda çalışır ki, Ermənistan Kremlin orbitindən xilas olub Qərbə inteqrasiya etsin. Bunun üçünsə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ən önəmli şərtdir.
Prinsip etibarilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında rəsmi İrəvan razıdır. Türkiyəyə gəldikdə isə rəsmi Ankara topu dolayı yolla Bakının üzərinə atır. Misal üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün çıxışında bu məsələ ilə bağlı qeyd etdi ki, “Ermənistanla münasibətləri Azərbaycanla razılaşdıraraq inkişaf etdiririk. Əvvəldən bizim "qırmızı xətt"imiz Azərbaycan idi. Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətli deyib”.
Göründüyü kimi, rəsmi Ankara bu məsələdə ənənəvi olaraq Azərbaycan maraqlarından çıxış edir. Bununla belə Ərdoğanın “Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağıq” deməsi sərhədlərin açılmasında Ankara da maraqlı olmasında xəbər verir.
Vaşinqton bu mövzuda imitasiya edir!
Blinken-Əliyev telefon danışığında iki məqam diqqət çəkir:
Birincisi, ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə edildi. Hesab edirəm rəsmi Vaşinqton bu məsələdə dəstəyi sadəcə iki ölkə münasibətlərinin normallaşması kontekstindədir. ABŞ üçün iki ölkə arasında gərginliyin bitməsi münasibətlərin normallaşması vacibdir. Bunun xaricindəki məsələlər misal üçün Zəngəzur dəhlizinin açılması Vaşinqtonun maraq dairəsində deyil. ABŞ bu məsələyə ”nəqliyyat bağlantılarının və kommunikasiyaların açılması” kimi yanaşaraq imitasiya edir. Yəni o nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasını istəyir, lakin bunun bir dəhliz halında olmasını istəmir.
İkincisi, söhbət zamanı bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti qeyd olundu. Aydındır ki, ABŞ və Avropa İttifaqı gələcək beş il ərzində Rusiya qazından asılılığı sıfıra endirmək niyyətindədir. Bu istiqamətdə alternativ ölkələr ilə təmaslar intensivləşib. Azərbaycan da həmin alternativ ölkələr sırasındadır. Azərbaycanla enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumu da mahiyyət etibarilə buna xidmət edəcək.
Rəsmi Vaşinqton, hətta mövcud boru kəmərlərinin həcmini artırmaq, yeni layihələrin ərsəyə gəlməsi üçün investisiya maliyyə dəstəyi də təmin edə bilər.
Turan Rzayev-siyasi ekspert