Ərzurum Atatürk Universiteti, Qarabağ Azadlıq Təşkilatı , Beynəlxalq Qarabağ Forumunun təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş “Şuşa-türk dünyasının inanc və düşüncələrində” adlı elmi-praktiki konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, konfransın moderatoru, Ərzurum Atatürk Universitetinin müəllimi, doktor Gürsoy Solmaz tədbiri açaraq iştirakçıları salamlayıb, dinləniləcək məruzələri təqdim edib. QAT sədri, Beynəlxalq Qarabağ Forumunun koordinatoru Akif Nağı giriş sözü ilə çıxış edərək, konfransın məqsəd və məramını açıqlayıb. Sonra araşdırmaçı Ziya Zakir Acar (Türkiyə), “Qarabağ və Şuşa kilimlərində rəmzlər”, tarix elmləri doktoru, professor Qasım Hacıyev (Azərbaycan), “Şuşanın arxeoloji materialları”, iqtisad elmləri doktoru , professor Kerem Karabulut (Türkiyə) “Şuşanın iqtisadi inkişaf prespektivləri”, tarix üzrə fəlsəfə doktoru , dosent Boran Əziz (Azərbaycan) “Azərbaycan ruhaniliyində Şuşanın məscid və etiqadlı adamlarının yeri (“Qarabağnamə”lərin materialları əsasında)”, doktor Sözer Akyıldırım (Türkiyə) “Şuşanın tarixinə dair”, şair-publisist Əli Abbas (Gürcüstan) “Borçalı ədəbiyyatında Şuşa”, doktor Gürsoy Solmaz (Türkiyə) “Anadolu bayatılarında Şuşa”, araşdırmaçı jurnalist Novruz Novruzov (Azərbaycan) “Qarabağ Azərbaycan ədəbiyyatlnda” adlı məruzlərlə çıxış ediblər. Ərzurum Atatürk Universiteti Araşdırmalar Mərkəzinin əməkdaşı Serpil Bayrak Qarabağa, Şuşaya dair bayatılar ifa edib.
Akif Nağı (Azərbaycan) , Sayad Xəlilov (Gürcüstan), Rəfail Qəribli (Rusiya), Kənan Rüstəmov (İsveç), Fəxrəddin Hacıbəyli (Almaniya), Hikmət Cavad (Rusiya), Gülçöhrə Məmmədzadə (Azərbaycan) və digərləri məruzələr ətrafında müzakirələrdə iştirak edib. Məruzəçilər suallara cavab verib. Konfransda dinlənilən məruzələrin Türkiyə və Azərbaycan nəşrlərində çap olunması qərara alınıb.
Mehman