Jurnalistika, yəni söz daşıma, söz çatdırma məsuliyyətli işdir. Jurnalistdə məsuliyyətlə yanaşı, dürüstlük olmalıdır, çünki ağızdan çıxan, qələmə alınan hər söz cəmiyyəti bu və ya digər subyekt, hadisə haqqında məlumatlandırır, ictimai rəyin yaranmasına səbəb olur. Elə etmək lazımdır ki, həm haqqa girməyək, həm iftira və insafsızlıqda pay sahibi olmayaq, həm də təmsil etdiyimiz peşənin mötəbərliyinə xələl gəlməsin. Uca Allah Quranda hər deyilən sözə görə sahibinin məsuliyyət daşıdığını, buna görə də Ali Məhkəmədə cavab verməli olacağını bildirir...
Akademiya haqqında "AzTv" kanalının hazırladığı məlum reportaj, sözün həqiqi mənasında, qərəzli və qeyri-peşəkar idi... Tanıdığım bilikli, vicdanlı qələm sahibləri həmin reportajın qurama və puç məzmununu tutarlı müqayisə və təhlillə açıb göstəriblər, - sağ olsunlar, əlləri var olsun!
Mənim demək istədiyim - başqadır: əlbəttə ki, Akademiyada çatışmazlıqlar mövcuddur, - bunu kimsə dana bilməz; amma bu halı ancaq Akademiyaya aid etmək, ən azından, savadsızlıqdır, vicdansızlıq və qərəzliliyi hələ demirəm... Bəli, Respublikadakı ümumi təhsil və elm tablosunun bir fiqurudur Akademiya... Təhsil və elmdə ciddi islahatlar Akademiyada da vəziyyəti yaxşılaşdıra bilər. Bu vəziyyətə baxmayaraq, Akademiyanın ayrı-ayrı institutlarında elmi iş gedir, əsərlər yazılır, ölkəmizi kənarda tanıdacaq monoqrafiyalar qələmə alınır. Xüsusən ölkənin yaxın və uzaq tarixi, Azərbaycana qarşı yaxın tarixdə yürüdülən hərbi və ideoloji kampaniyalar öyrənilir...
Akademiyanın elmi məhsuldarlığını artırmaq üçün onu qərəzli reportajla "vurmaq" lazım deyildir. Görünür, məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir...
Elmi əsərin meydana çıxması üçün tədqiqatçının nisbətən geniş zaman kəsiyində diqqətini öyrəndiyi mövzuya kökləməsi, vaxtını ona ayırması lazımdır. Amma bu gün gənc alimlər, tədqiqatçılar bunu edə bilmirlər, çünki maddi vəziyyətləri imkan vermir. Akademiyanın tədqiqatçıları bir neçə yerdə işləməyə, yaxud ayrı-ayrı işlərlə məşğul olmağa məcburdurlar ki, güzəranlıqlarını təmin edib özləri və ailələrini dolandırsınlar. Belə olduqda biz elmi məhsuldarlığın aşağı düşməsinin şahidi oluruq. Hər bir halda, aşağı məvacibə baxmayraq, Respublika elminə töhfə verən fədakarlar da az deyildir.
Xülasə, əziz jurnalist ("AzTv" kanalının jurnalisti nəzərdə tutulur), Azərbaycan Respublikasının yaxın tarixi üçün "milli sərvət hesab olunan" (iqtibas Ümummilli Lider Heydər Əliyevdəndir) Akademiya haqqında qərəzli reportaj hazırlamaq əvəzinə, Akademiyadakı çatışmazlıqların səbəblərinə, xüsusən gənc elmi işçilərin məvaciblərinin aşağı olmağı, maddi təminatın yaxşılaşdırılması məsələsinə toxunsaydınız, daha yaxşı olmazdımı?!
P.S. Akademiyanın fəaliyyəti ilə bağlı son iki gündəki yazılar, süjetlər, hesabatlar, çox təəssüf ki, sifarişli olub, təmiz niyyət və canyananlığın məhsulu deyildir.
Atalar demişkən, burun çirkli olanda kəsib atmaz, yorğana bit düşəndə yandırmazlar...
Bağbandan küsəndə bağa od vurmazlar, əfəndilər...
Elvüsal Məmmədov-AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Fəlsəfə üzrə fəlsəfə doktoru