Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir

Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir


Ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi və inkişafı yürüdülən məqsədyönlü siyasətin əsas istiqamətlərindən biridir. Dil quruculuğu, dil siyasəti ilə bağlı müxtəlif dövrlərdə Dövlət Proqramları, mühüm qərarlar qəbul edilib ki, bütün bunların nəticəsində dilimizin inkişafı ilə yanaşı onun kənar təsirlərə məruz qalmasının qarşısı alınıb. Müxtəlif illərdə Azərbaycana qarşı yürüdülən qərəzli siyasət dil sahəsində də özünü göstərirdi. Belə ki, 30-cu illərin aydınları dil barəsində etdikləri çıxış və fikirlərinə görə müxtəlif represiyalara məruz qalmış hətta uzaq Sibirə sürgün edilirdi. Represiya siyasətinin şərtlərinə baxmayaraq xalqın öz dilinə sahib çıxması, bu dili qoruması nəticəsində Azərbaycan dili bu gün də yaşayır. Uzun və keşməkeşli yol qət edən Azərbaycan dilinin inkişaf və intibahı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

70-ci illərdə SSRİ-nin tərkibində olan Azərbaycan üçün əlamətdar hadisə baş verir. Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci ildə Azərbaycan SSRİ-nin Konstitusiyasına "Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir" maddəsi əlavə olunur. O zaman belə bir addımın atılması və həyata keçirilməsi çətin eyni zamanda qətiyyət tələb edirdi. Heydər Əliyev bütün bunlara baxmayaraq mütərəqqi addımın atılmasına nail olur. 90-cı illərdə ölkədə yaranan siyasi gərginlik bütün sahələrdə olduğu kimi dilimizin qorunması baxımından da bir sıra addımların atılmasını zəruri edirdi. Bunun qarşısını almaq üçün Ümumilli lider Heydər Əliyev Komissiya yaradır. Bu Komissiyada dilçi alimlər, şair və yaradıcı insanlar təmsil olunurdu. Çətin və gərgin keçən müzakirələr zamanı Azərbaycan dilinin "türk dili" adlanması irəli sürülən təkliflər arasında idi. Ümumilli lider bu fikirləri birmənalı olaraq rədd etməklə yanaşı Azərbaycan dilinin qorunması yönündə daha bir mütərəqqi addım atdı. Ümummilli lider çıxışlarının birində işlətdiyi "Millətin milliliyini saxlayan onun dilidir" ifadəsi dərin məna daşıyır. Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib. Bütün bunların məntiqi sonluğu kimi Ulu öndər Heydər Əliyevin qərarı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu, Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir. Bundan əlavə, qəbul edilən digər Fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyev Azərbaycan dilinin inkişafı, zənginləşdirilməsi və dil siyasətinin uğurla davam etdirilməsi baxımından mühüm qərarlar qəbul edib. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".

Sonda onu qeyd edim ki, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır.


Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı
Xəbəri paylaş