Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Prezident cənab İlham Əliyev son illərdə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir.
Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülmüş, böyük infrastruktur layihələri icra edilmiş və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxmışdır.
25 iyul 2022-ci il tarixdə Prezident cənab İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına yeni təyin olunmuş İcra başçılarını qəbul edərkən toxunduğu əsas məsələlər də, məhz regionların sosial-iqtisadi inkişafı, həyata keçirilən infrastruktur layihələri, o cümlədən əhalinin məşğulluğu və şəhid ailələrinə xüsusi diqqətin göstərilməsi istiqamətində olmuşdur.
Qeyd olunmuşdur ki, rayon rəhbərliyi sosial ədalət prinsipinə əməl etməklə rayonda yaşayan bütün insanlarla təmasda yaratmalı, bütün kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalıdır, o cümlədən sakinləri narahat edən problemləri onların dilindən eşidilməli və imkan daxilində bu problemlər həll edilməlidir.
Təbii ki, Azərbaycanda mövcud olan sosial ədalət dünya üçün bir modeldir. Sosial ədalətin təmin edilməsi prioritet məsələlərdən biridir. Ölkəmizdə sosial ədalətin təminatı istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dövlətin iqtisadi siyasətinin sosial yönümlü olması, Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət, insan amilinə verilən yüksək dəyər sosial ədalətdən qaynaqlanır.
“Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib.” deyən ölkə başçısı şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğını rayon rəhbərlərinin nəzərinə çatdırmışdır.
Bildiyimiz kimi, Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Bunun təxminən 3500-ü postmüharibə dövründə verilib. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm addımlar atılır.
Yəni, dövlətimiz öz üzərinə düşən vəzifələri uğurla icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Bu gün əsas məqsədimiz odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara lazımi diqqət göstərilsin.
Biz unutmamalıyıq ki, azad olunmuş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olmuşdur. Onlar öz canlarını fəda edərək sağlamlığını itiriblər, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər birimizin borcudur ki, onlara arxa, dayaq olaq.
Regionların inkişafı ilə bağlı məsələlərdən danışan cənab İlham Əliyev bildirmişdir ki, “Rayonların inkişafı ilə bağlı rəhbərlər özləri təşəbbüs göstərməli, həm yerli, həm də xarici sahibkarları rayonlara cəlb etməlidirlər.”
Əminliklə qeyd edə bilərik ki, dövlətimizin regionların inkişafına xüsusi diqqətlə yanaşması, ilk növbədə, Azərbaycanda sahibkarlığın inkişafı yolu ilə uzun illər özünü ciddi sosial problem kimi göstərmiş işsizliyin tədricən aradan qaldırılması, əhalinin faydalı məşğulluğunun təmin edilməsi məqsədindən irəli gəlir.
Bütün bunlar bir daha onu göstərir ki, bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Bu gün Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütün bu məqsədlərə uğurla çatmışdır.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri