"Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığımız yüksək səviyyədə davam edir. Mayda start verdiyimiz hazırlıq istədiyimiz kimi – plana uyğun gedir".
Newscenter.az xəbər verir ki, bu fikirləri voleybol üzrə Azərbaycan yığmasının baş məşqçisi Pərviz Səmədov səsləndirib. O bildirib ki, ilk olaraq geniş heyətlə fiziki və texniki məşqlərimiz oldu:
"Ardınca isə yoxlama matçları oynadıq. Sınaq görüşlərindən razı qaldım. Keçirdiyimiz hər qarşılaşmada daha yaxşı oyun göstərə bildik. Bu gün oyunçularımız özlərinin ən yaxşı formalarındadırlar".
Baş məşqçi vurğulayıb ki, bir həftədən sonra ilk rəsmi matçımıza çıxacağıq:
"Hazırda son məşqlərimizi edirik. Danimarka və ardınca Türkiyə millisi ilə qarşılaşacağıq. İlk oyunlarımızı Bakıda, doğma meydançada oynamağımız bizim üçün böyük üstünlükdür. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə bu matçlarda uğurlu çıxış edəcəyik.
Düşünürəm ki, komandam öz oyununu göstərə bilsə, həm AVRO-2023-ün təsnifat mərhələsində, həm də İslamiadada yüksək nəticələr əldə edə bilərik".
Oruc