Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ana dilimiz ən böyük milli-mənəvi sərvətimizdir

Ana dilimiz ən böyük milli-mənəvi sərvətimizdir


Öz ana dilini qoruyan, zənginləşdirən xalqlar dünyada müxtəlif mədəniyyət nümunələri yaradıb, gələcək inkişaflarına nail olublar. Bu mənada, Azərbaycan xalqı da istisna deyil. Ümummilli liderimiz Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik dönəmində respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan dilinin saflığının qorunmasına, dilimizin zənginliklərinin aşkara çıxarılmasına xüsusi diqqət yetirib. Ulu öndərin cəsarəti və prinsipiallığı sayəsində hələ sovet dövründə - 1978-ci ildə qəbul olunan respublika Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə salınıb. Həmçinin ulu öndərin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən, avqustun 1-i respublikamzda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi müəyyən olunub. Bundan öncə isə 2001-ci ilin iyununda ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıb. Bu sənəddə dilin qorunmasına fundamental və strateji münasibət ortaya qoyulub. Burada dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapıb.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev də dilimizin qorunmasına və inkişafına böyük həssaslıqla yanaşır. Cənab Prezident Azərbaycan dilinin qorunmasına, dilimizə daim qayğı göstərilməsinə və onun yad təsirlərdən qorunmasına daim böyük önəm verib. Dövlət başçımız dilimizin qorunması məsələsinə həm strateji vəzifə olaraq, həm də milli-mənəvi hadisə kimi yanaşır. Onun rəhbərliyi ilə həyata keçirilən milli siyasətin mühüm strateji istiqamətlərindən biri kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan tədbirlər həm də milli ideologiyanın – azərbaycançılığın daha da möhkəmlənməsini şərtləndirib.

Prezident İlham Əliyevin bu istiqamətlərdə imzaladığı fərman və sərəncamlar milli indentikliyi gücləndirən əhəmiyyəti amildir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-ci il tarixli Sərəncamı da xüsusi əhəmiyyət kəsb edir. Bu Sərəncamla əlifba ilə problemlər tamamilə həll edilib. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olunub. Prezident İlham Əliyev tərəfindən 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamın imzalanması, həmçinin dövlət başçısının 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmn edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Beləliklə, cənab Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunmasına xüsusi həssaslıqla yanaşması müstəsna milli-strateji əhəmiyyətə malikdir. Bu, Azərbaycan xalqının bütövlüyünün, milli-mənəvi dəyərlərinin qorunması, ölkənin qüdrətinin artması və azərbaycanlı milli kimliyinin təsdiqi baxımından böyük əhəmiyyətə malikdir.

Rəşadət Xalıqov
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini
Xəbəri paylaş