Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aparılan dövlət siyasəti Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib

Aparılan dövlət siyasəti Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib


Müasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində də təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşyönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarmışdır.

Ölkəmizdə də Prezident cənab İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş - dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün zəmin olmuşdur. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün yeni strategiya və fəaliyyət planları icra olunur, həyata keçirilən kadr islahatları da müasir idarəetmə modelinə uyğunlaşdırılır.

Prezident cənab İlham Əliyev iyulun 25-də yeni təyin olunmuş rayon icra hakimiyyətlərinin başçılarını qəbul edərkən də bu istiqamətlər üzrə yeni tapşırıq və tövsiyələrini vermişdir. Qeyd etmişdir ki, rayon rəhbərləri yerlərdə sakinlərlə birbaşa təmasda olmalı, fəaliyyətlərində sosial ədalət prinsipini üstün tutmalıdırlar. Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq.

Regionların inkişafına yönələn addımlardan, əldə olunan nəticələrdən, qarşıya qoyulan hədəflərdən, ən əsası rayon rəhbərlərinin üzərinə düşən vəzifənin yerinə yetirilmə səviyyəsindən bəhs edən ölkə rəhbəri bildirmişdir ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz.

Bu gün cəmiyyətimiz birlik, həmrəylik nümayiş etdirərək Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə aparılan daxili və xarici prosesləri dəstəkləyir. Çünki aparılan dövlət siyasəti Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bu siyasət, həmçinin ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Düşünülmüş və uğurlu dövlət siyasəti nəticəsində, məhz Azərbaycan əzəli torpaqlarımızda 30 ilə yaxın davam edən Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq əzəli torpaqlarımızı azad etmişdir.

Çıxışında dövlət tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına daim xüsusi diqqətin göstərildiyini qeyd edən ölkə başçısı bildirmişdir ki, “Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses hazırda da davam etdirilir.”

O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir və hazırda da Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri davam etdirilir, yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu” həyata keçirilir.

Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun”.

Bu gün əminliklə deyə bilərik ki, müharibədən ötən müddət ərzində vətəndaşlarımız dövlətimizlə hər bir məsələdə olduğu kimi, bu məsələdə də həmfikirdir.

Xaliq Hüseynov
YAP Nəsimi rayon təşkilatının İƏPT sədri
Xəbəri paylaş