Son günlər icra başçıları ilə bağlı məsələlər yenə də gündəmi zəbt etməkdə davam edir. Prezident İlham Əliyevin növbəti dəfə bir neçə icra başçısını vəzifədən uzaqlaşdırması və onların yerinə yeni simaları təyin etməsi geniş müzakirələrə səbəb olub. Daha doğrusu, dövlət başçısının Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən söylədiyi bir sıra aktual fikirlər cəmiyyət tərəfindən müsbət qarşılanıb. Prezident rayonlara yeni təyin olunan icra hakimiyyəti başçılarına öz göstərişlərini, tövsiyələrini verdi və vurğuladı ki, “mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm”.
Dövlət başçısı yeni təyin olunan icra başçılarına açıq mətnlə bildirdi ki, “siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz”. Beləliklə, bu şəxslərə ən yüksək səviyyədə izah edildi ki, yerlərdəki məmurlar (xüsusən də icra başçıları) sözün həqiqi mənasında xalqın xidmətçisi olmalıdır. Onlar kabinetlərdə oturub özlərini “rayonun ağası” kimi aparmamalıdırlar. Əksinə, icra başçıları Prezidentin birbaşa təmsilçiləri kimi hər gün xalqın içində olmalı və qarşıya çıxan cari problemləri yerindəcə həll etməyə çalışmalıdırlar.
Həmçinin, 44 günlük Vətən müharibəsində bizim hər birimizə Qələbə sevincini yaşadaan şəhidlərimiz və onların ailələri, qazilərimiz də daim icra başçılarının diqqət mərkəzində olmalıdır. Prezident yeni icra başçıları ilə söhbəti zamanı bu məsələni də məxsusi olaraq onların diqqətinə çatdırdı və bildirdi ki, bu kateqoriyadan olan insanlarımız daim dövlətin qayğısını hiss etməlidirlər. Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət başçısı özü tez-tez şəhid ailələri, müharibə əlilləri ilə, qazilərlə çoxsaylı görüşlər keçirirsə, icra başçıları da bilavasitə dövlət başçısından nümunə götürməli, şəhid ailələrinə, əlillərə, qazilərə isti münasibət göstərməlidirlər. İcra başçıları şəhid ailələrini, qaziləri qapılarda gözlətməməli, get-gələ salmamalı, saymazyanalığa yol verməməlidirlər.
Unutmamalıyıq ki, məhz bəzi icra başçılarının yerlərdə bu cür mənfi hərəkətlərinin nəticəsində bir neçə qazi özünə qəsd edib, intihar halları baş verib. Odur ki, yeni icra başçıları bütün bunlardan özləri üçün ciddi nəticələr çıxarmalıdırlar. Onlar bir ali həqiqəti dərk etməlidirlər ki, icra başçısı institutu xalqla dövlət arasında narazılıq, uçurum yaratmaq üçün yox, körpü yaratmaq üçün, dövlət qurumları ilə vətəndaşlar arasında qarşılıqlı etimad mühitini formalaşdırmaq üçün nəzərdə tutulub. Hər bir başçı bilməlidir ki, Prezidentin yürütdüyü daxili siyasəti yerlərdə uğurla həyata keçirmək məhz başçıların fəaliyyətindən asılıdır. Ona görə də başçılar məşhur ifadə ilə desək, özlərini yox, qanunu şah bilməli və ədaləti unutmamalıdırlar. Bunun əksinə düşünənlərin icra başçısı olmağa, Prezidenti təmsil etməyə haqqı yoxdur.
Masallının sabiq icra başçısı Şahin Məmmədovun guya, “şəhid ailələri və digər sakinlər” tərəfindən təntənə ilə yola salınması olayı da bu fikrimizi təsdiqləyir. Onun məlum hərəkəti qurama oyundur, əsl şoudur. Bu da onu göstərir ki, dövlət başçısının belə bir azğın və intriqan adamı işdən almağı, vəzifəsiz qoymağı tamamilə düzgün addımdır. Bu cür xırda avantüristlər icra başçısı kimi məsul vəzifələrə yiyələnməməlidirlər. Hər kəsin icra başçısı olmağa mənəvi haqqı çatmır. Yalnız milləti sevən, vətəndaşlara gerçəkdən xidmət etmək istəyən, ölkə üçün faydalı işlər görmək istəyən şəxslər icra başçısı missiyasını daşımağa layiqdirlər. Bəli, söhbət məhz missiyadan gedir. Ümid edək ki, yeni təyin olunan icra başçıları bu missiyanın önəmini dərk edəcək və öz yaxşı əməlləri, uğurlu fəaliyyətləri ilə nümunəvi icra başçısı obrazını yarada biləcəklər. Çünki xalq həqiqətən də icra başçılarından çox şey gözləyir. Prezidentin də onlardan gözləntiləri çoxdur. Baxaq görək yeni icra başçıları Prezidentin etimadını və xalqın ümidlərini doğrulda biləcəklərmi. Təki doğrultsunlar!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri