Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova: “İcra başçıları ictimai nəzarətdən çəkinməməlidirlər”

Deputat Jalə Əhmədova: “İcra başçıları ictimai nəzarətdən çəkinməməlidirlər”


Cənab Prezident İlham Əliyev bir neçə gün əvvəl - iyulun 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı onların fəaliyyətinə dair dəyərli tövsiyə və tapşırıqlarını verdi.

Ümumiyyətlə, regionların inkişafından danışarkən qeyd etmək istərdim ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılıb. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, məktəblər inşa edilib. Yeni infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizdə yeni iş yerlərinin yaradılmasına xidmət göstərir. Sahibkarlar da bölgələrimizdə bütün quruculuq işlərində fəal iştirak edirlər.

İcra başçılarının üzərlərinə düşən mühüm vəzifələrdən biri də odur ki, onlar insanları narahat edən məsələləri öyrənmək üçün daim onlarla təmasda olmalıdırlar. İcra başçıları rayonun bütün kəndlərində olmalı, kənd camaatının qayğıları ilə yaşamalı, onların problemlərini öz dillərindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidirlər. Bundan başqa, icra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipini qorumalıdırlar. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir.

Rayon icra hakimiyyətləri tərəfindən şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən, şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir.

Rayon icra orqanlarının nümayəndələri də bu kateqoriyadan olan insanlara biganə qalmamalı, daim onların yaşayışı ilə maraqlanmalıdır. Heç kəs unutmamalıdır ki, torpaqlarımızı düşməndən azad edən bizim qəhrəman əsgər və zabitlərimiz olublar. Onlar öz canlarını fəda ediblər, sağlamlıqlarını itiriblər, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, hər bir vətəndaşın borcudur ki, onlara dayaq olsun.
Bu gün ölkəmizdə sahibkarlığın inkişafı üçün də lazımi tədbirlər görülür. Bu baxımdan, icra başçıları özləri sahibkarların rayonlara cəlb edilməsinə çalışmalıdırlar. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir, bu rayonları turizm mərkəzinə çevirmək əsas vəzifələrdən biridir.
Göygöl, Masallı və Lerik rayonlarında müasir istirahət zonaları, otel kompleksləri inşa edilib və bu proses daha geniş vüsət almalıdır.

Hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün də çox gözəl imkanlar var. Burada müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bu baxımdan, torpaqlardan səmərəli istifadə edilməsi də çox mühüm məsələdir.

Hazırda ölkəmizdə idarəetmə sahəsində də çox ciddi islahatlar, çox böyük təmizləmə işləri aparılır. Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Bu, dövlətin siyasətidir.

Bundan başqa, rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət vacibdir. İcra başçıları ictimai nəzarətdən çəkinməməlidirlər. Çünki ictimai nəzarət, görüləcək işlərin daha səmərəli olmasına kömək göstərəcəkdir. Unutmamalıyıq ki, biz müzəffər xalqıq və ölkəmizdə işləri elə aparmalıyıq ki, həmişə ədalət prinsipi qorunsun.
Bu gün əminliklə deyə bilərik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çox böyük gələcəyi var və bu böyük gələcəyə nail olmaq üçün hər kəs öz məsuliyyətini başa düşməlidir. Bunun üçün ölkəmizin təbii sərvətləri, coğrafi mövqeyimiz, beynəlxalq nüfuzumuz və həyata keçirdiyimiz infrastruktur layihələri də bizə bütün imkanları yaradır.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş