Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Rusiyaya səfər edəcək. Nəzərə alsaq ki, İyulun 19-da Astana üçlüyünün Tehran sammitində tərəflər razılığa gələ bilmədi Ərdoğanın avqustun 5-də Rusiyaya səfər etməsi diqqət çəkir.
Səfərin məqsədi
Əslində Tehran sammitində tərəflər arasında bir yox, bir neçə mövzu müzakirə edilib. Bu mənada İran Rusiya və Türkiyənin bir yox, bir neçə mövzuda ortaq məxrəcə gələ bilmədiyini deyə bilərik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı ali dini lider Seyid Əli Xamenei ilə görüşdə Ankara və Tehranın hansı məsələlərdə razılaşmadığı, fikir ayrılığı yaşadığı bəlli oldu. Hansı ki, görüş sonrası Suriya və İraqda baş verən hadisələr də bunu təsdiqləyir.
Rəsmi Ankara buna görə də Moskva ilə uzlaşma yolları aramağa qərar verib. Prinsip etibarilə Türkiyənin İrandan çox Rusiya ilə uzlaşması daha realdır. Düzdür, tərəflərin Ukrayna, Suriya, Liviya, Ermənistan Azərbaycan münaqişələrində fərqli maraq və mövqeləri olsa da biz praktikada tərəflərin gərginlik həddinə gələcək situasiyaya da səbəb olduğunu müşahidə etməmişik.
Hesab edirəm Soçidə baş tutacaq görüşdə Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə taxıl dəhlizi, Suriya məsələsi və Rusiya-Ukrayna müharibəsilə bağlı müzakirə aparacaq. Xüsusilə də bu məslərdən tahil dəhlizi hazırda daha aktualdır.
Kreml Ankaradan bunu istəyəcək
Görüş öncəsi belə xəbərlər yayıldı ki, Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının Rusiyada birgə istehsalına dair razılaşma əldə oluna bilər.
Rusiyanın Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatları ilə yaxından maraqlandığı əslində bilinən bir fakdır. Əslində təkcə Rusiya deyil, ABŞ, Almaniya, Çin, hətta İran da “Bayraqdar” pilotsuz uçuş aparatları ilə yaxından maraqlanır.
Rusiyanın “Bayraqdar” ilə yaxından maraqlanmağı şübhəsiz davam edən və uzanan Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır. Bu həm də ondan xəbər verir ki, Rusiya ordusunun itkiləri rəsmi məlumatlara nəzərən daha çoxdur. Kreml müharibədə ciddi nailiyyətlər əldə etsə də müharibənin gözləniləndən uzun davam etməsinin bir digər səbəbi də Ukrayna ordusunun arsenalında “Bayraqdar” pilotsuz uçuş aparatlarının olmasıdır. Kreml bu fərqi aradan qaldırıb üstünlüyü artırmaq istəyir.
Türkiyə Rusiya ilə birgə “Bayraqdar” istehsal edəcək?
Prinsip etibarilə bu mümkündür. Rusiya prezidentinin mətbuat katubu Dmitri Peskov deyib ki, “Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı hər zaman aktualdır”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanda bənzər formada qeyd edib ki, “Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “Baykar” şirkəti ilə birgə işləmək istəyir”. “Putin “Baykar”la birgə işləyək deyir” - Ərdoğan bildirib.
Digər tərəfdən, Rusiya Türkiyəyə S-400 raketləri satıb. Bundan başqa rəsmi Moskva ilə Ankara arasında S-500-in birgə istehsalına dair razılaşma da var. Bu mənada Ankaranın Kremlin bu istəyinə yox deyəcəyini düşünmürəm.
Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının Rusiya ilə birgə istehsalına dair razılaşma əldə olunsa bu rəsmi Ankaranın Suriyanın şimalında başlatmaq istədiyi antiterror əməliyyatları üçün də əlavə dividentlər yarada bilər.
Razılaşma Türkiyə-Ukrayna münasibətlərində gərginlik yarada bilər?
Ehtimal razılaşmanın Türkiyə-Ukrayna münasibətlərində gərginlik yaradacağını düşünmürəm. Prinsip etibarilə Türkiyə müharibənin əvvəlindən Ukraynaya həm "Bayraqdar" PUA-ları verir, həm də PUA-ların texniki baxışı və istifadəsi üçün kadr hazırlığı keçir. Necə ki, bu Rusiya-Türkiyə münasibətlərini pozmur, eynilə Ukrayna ilə münasibətləri də pozmamalıdır.
Rəsmi Ankara faktiki olaraq Rusiya-Ukrayna müharibəsində tərəfsiz olduğunu deyib və hazırda tərəfləri uzlaşdırmağa çalışan ən konstruktiv ölkədir. Bunu həm rəsmi Kiyev, həm də rəsmi Moskva bilir. Bu mənada imzalanacaq ehtimal razılaşmanın Türkiyə-Ukrayna münasibətlərində gərginlik yaradacağını düşünmürəm.
Turan Rzayev-siyasi ekspert