Prezident İlham Əliyevin Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında ciddi mesajlar vardı. Əsas vəzifə ondan ibarətdir ki, icra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Yəni, daim insanlarla təmasda olmalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, dövlət başçımızın da söylədiyi kimi əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq:
"Ümumiyyətlə, Prezident İlham Əliyevin yeni təyinatları ictimaiyyət üçün açıq etməsi cəmiyyətin dövlət başçısının tövsiyyələrini və məmurların məsuliyyətini görməsinə imkan yaradır. Yeni təyin olunan icra başçılarından ən böyük gözlənti etimadı doğrultmaları, vətəndaşların rəğbətini qazanmaq, ölkədə gedən islahatları dərinləşdirmək üçün səylər göstərmələridir. Həm də rayonların inkişafı ilə bağlı təşəbbüslərə də ehtiyac var. Hər yeni təyin olunan icra başçısı öz təklif və ideyalarını verərək, inkişafa töhfə vermiş olar. Məqsəd paytaxtla paralel bölgələrdə də canlanma və davamlı inkişafı təmin etməkdir. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi həllini tapıb. Bununla belə, yeni icra başçıları yerlərdə həllini gözləyən problemlərin vaxtında çözülməsinə çalışmalı və bu istiqamətdə praktik addımlar atmalıdır. Burada təbii ki, həm mərkəzi icra orqanlarının da məsuliyyəti var, sadəcə bu orqanlara vaxtında və aidiyyatı üzrə müraciət olunmalıdır. Eyni zamanda rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət də vacibdir. Məhz ictimai nəzarət fəaliyyətin effektivliyinə müsbət təsir edən faktorlardan biridir".
Könül Nurullayeva qeyd edib ki, dövlət başçımızın icra başçıları qarşısında qoyduğu əsas vəzifələrdən biri də şəhid ailələrinə xüsusi diqqət göstərilməsilə bağlı oldu:
"Bu həssas təbəqəyə dövlət tərəfindən mənzillər, fərdi evlər verilir, minlərlə minik avtomobilləri təqdim olunur. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. “Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır” – deyə Prezident İlham Əliyev məmurlara bir daha vəzifələrini xatırlatdı. Hesab edirəm ki, bu xatırlatma bu sahədə mövcud olan bəzi neqativ halların qarşısını alacaq".
"İcra başçılarının insanlarla sıx təmasda olması problemlərlə yerində tanış olmağa və onları vaxtında həll etməyə imkan verir. Bütün məmurlar qarşısında qoyulan əsas vəzifə budur." deyən millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev hər zaman qeyd edir ki, “hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir”.
"Yəni yüksək vəzifə yüksək imtiyaz yox, məsuliyyət olmalıdır. Bu prinsipləri pozanlara qarşı görülən sərt tədbirlərdən isə hər kəs nəticə çıxarmalıdır. Çünki burada söhbət ölkənin ümumi inkişafına kölgə salmaqdan gedir ki, bu da birmənalı şəkildə yolverilməzdir".
Ruhiyyə