İyulun 28-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzaladı. Fərmana əsasən, Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı. Fərman həm Elm və Təhsil Nazirliyinə, həm də Milli Elmlər Akademiyasına növbəti etimad kimi qiymətləndirilməlidir.
Sənəddə qeyd olunduğu kimi, Fərmanın imzalanmasında əsas məqsəd elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsidir. Sözügedən Fərman elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin uğurla həyata keçirilməsinə, bu sahədə koordinasiyalı fəaliyyətin qurulmasına öz töhfəsini verəcək.
Beləliklə, sözügedən Fərmanla elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi səlahiyyəti Elm və Təhsil Nazirliyinə həvalə edildi. Nazirliyin yanında 2 yeni agentlik yaradılaraq və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi.
Qeyd etmək lazımdır ki, uzun müddətdir Azərbaycan cəmiyyətində Elmlər Akademiyasının gələcək fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılırdı. Onu da qeyd etmək lazımdır ki, Fərman Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması deyil, əksinə, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlaması məqsədi daşıyır. Azərbaycan Milli Elmlər Akademiyası humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək. Burada Milli Elmlər Akademiyasının da üzərinə ciddi vəzifələr düşür. Bu qurum Azərbaycan elmində öz sözünü deməyi və yerini qorumağı bacarmalıdır.
Beləliklə, Fərmanla Elm və Təhsil Nazirliyi, eləcə də Milli Elmlər Akademiyası qarşısında bir sıra yeni mühüm vəzifələr müəyyənləşdirir. İnanırıq ki, Elm və Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası onun qarşısında qoyulan ağır və məsuliyyətli işin öhdəsindən layiqincə gələcək. Bu müqəddəs vəzifənin icrasında hər iki quruma uğurlar arzulayırıq.
Ceyhun Məmmədov-Milli Məclisin deputatı