Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ŞƏT “sabitləşdirici amil” ola bilərmi?

ŞƏT “sabitləşdirici amil” ola bilərmi?


Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Özbəkistan paytaxtı Daşkənddə görüşü keçirilir. Toplantıya ilk gələnlərdən biri Rusiya xarici işlər naziri Sergey Lavrov olub və o ikili görüşlər keçirib. Lavrovu əvvəlcə Özbəkistan prezidenti Şavkat Mirziyoyev qəbul edib. Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırki vəziyyəti müzakirə olunub. Bildirilib ki, iki ölkə arasında ticarət mübadiləsi 32 faiz artıb. Bundan başqa iki ölkə arasında 40 böyük investisiya layihəsinin icrası vurğulanıb. Ayrıca, “Mərkəzi Asiya – Rusiya” formatı və Əfqanıstanla bağlı fikir mübadiləsi aparılıb.

Lavrov Daşkəntdə çinli həmkarı Van Yi ilə dö görüşüb. Bu görüş maraqlı dialoqla başlayıb. Çinli həmkarını “qorxmayın, maskanı çıxara bilərsiniz, dostlar bir-birlərinə inanırlar” cümləsiylə qarşılayan Lavrov Van Yi ilə beynəlxalq aləmdəki mövzud durumu müzakirə edib. Əslində Van Yini maska taxmaqda qınamaq olmaz. Koronavirus yoluxanları həm Çində, həm də Rusiyada sayı artıb.

Van Yi Lavrova deyib ki, Şanxay Əməkdaşlıq Təşkilatının güclü struktura çevrilməsinə ehtiyac var. Van Yi belə bir cümlə işlədib: “Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq aləmdə sabitləşdirici amilə çevrilməlidir”. Pekinin bu istəyinin nəyə əsaslandığı bəllidir. Tayvan adası ətrafında vəziyyət gərginləşdikcə, Pekinlə Vaşinqton arasında münasibətlər mürəkkəbləşir. Lavrov Van Yi ilə görüşdüyü saatlarda ABŞ prezidenti Co Bayden Çin lideri Tsi Sinpinlə telefonla danışıb. Tsi Sinpin Baydenə məsləhət görüb ki, ABŞ odla oynamasın. Bu xəbərdarlıq Vaşinqtonun Çinin özününkü hesab etdiyi Tayvan adasında siyasi və hərbi dəstəyini artırmasıyla bağlıdır. Pekini qəzəbləndirən Vaşinqtonun Çinə Tayvanı ələ keçirməsinə mane olmasıdır. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərə hazırlaşması ada ətrafında hərbi vəziyyəti daha da mürəkkəbləşdirib.

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderləri sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində toplaşacaqlar. Bu toplantıya qədər təşkilatın xarici işlər nazirləri liderlərin müzakirə edəcəkləri gündəliyi müəyyənləşdirməlidirlər. Əsas müzakirə mövzularından biri təşkilata yeni üzvlərin qəbuludur. Rusiya təşkilata İranı üzv elətdirməyə çalışır. Çin bunun əleyhinə deyil. Təşkilata üzv olmaq istəyənlər arasında Türkiyə, Azərbaycan və Ermənistan da yer alıb.

Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş