Məlumdur ki, Azərbaycanda idmana göstərilən diqqət və qayğı ölkəmizi sözün həqiqi mənasında bir idman ölkəsinə çevirib. Azərbaycan əhalinin, xüsusən də gənclərin kütləvi şəkildə idmanla məşğul olduğu, bu barədə məqsədyönlü siyasət həyata keçirilən bir dövlətdir. Ölkəmiz sosial-iqtisadi göstəricilərinə görə regionda və dünyada lider olduğu kimi, idman sahəsində də liderlik statusu əldə edib. Bu status son zamanlarda idmanın demək olar ki, bütün sahələrində əldə edilən uğurlar sayəsində daha da möhkəmlənməkdədir.
Beləliklə, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqələndirilir. Bu isə xalqımızın genefondunun sağlamlığının təmin edilməsində, hətta ölkəmizin milli təhlükəsizliyinin qorunmasında vacib şərtlərdən biri sayılmalıdır. Bəllidir ki,yeni nəslin inkişafının əsas vasitəsi olan gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında lazımi səviyyədə iştirakı təmin edilməlidir. Bu baxımdan birinci növbədə gənc nəslin sağlam fiziki və mənəvi tərbiyə alması, o cümlədən idmanla məşğul olması çox məqsədəuyğundur. Bu prinsip əsasında da Azərbaycanda gənc nəslin idmana və düzgün fiziki tərbiyəyə meyli məqsədli bir şəkildə gücləndirilir. Beləliklə, dövlətin gənclər siyasətində gənclərin sağlamlığının qorunması və fiziki inkişafı əsas yerlərdən birini tutur. İdman artıq ölkəmizin ictimai həyatının mühüm hissəsidir. İdmanın fəlsəfəsi yeniyetmə və gənclərə daha aydın aşılanmalıdır
Ən nəhayət, idmanın fəlsəfəsi yeniyetmə və gənclərə daha aydın aşılanmalıdır. Qiymətləndirmək lazımdır ki, idman təkcə uğurlu nəticələr əldə etmək, fəxri kürsüyə qalxmaq, zirvələri fəth etmək imkanı yaradan vasitə deyil. O, eyni zamanda, hər bir uşaq, yeniyetmə və gənc üçün ilk növbədə fiziki-mənəvi sağlamlıq, pozitiv qüvvə deməkdir. Tarix boyu insanlarda vətənə məhəbbət, milli qürur hissləri, xeyirxahlıq aşılayan idman güclü təsir imkanına malik olmaqla dövlətin hərtərəfli inkişafında, dünya miqyasında tanınmasında mühüm rol oynayan təbliğati-siyasi vasitədir. İdman və bədən tərbiyəsi müasir dünyamızda fiziki və mənəvi tərbiyənin mühüm vasitələrindən biri hesab olunur. Fiziki və mənəvi mədəniyyətin təsirli vasitəsi olmaqla yanaşı, idman həm də özündə humanizm əlamətlərini daşıyır. İdman dünyada sülhün və əmin-amanlığın qorunmasında,xalqlar arasında dostluq tellərinin möhkəmlənməsində xüsusi rol oynayır.
İdman elə bir sahədir ki, burada görülən işlər bir- biri ilə qırılmaz zəncir kimi bağlıdır, bir iş digərini tamamlayır. O cümlədən buraya idmançılarda düzgün və məsuliyyətli ictimai davranış mədəniyyəti formalaşdırmaq da aid edilməlidir. Nahaq yerə demirlər ki, məhz bədən tərbiyəsi və idmanın inkişafında bəşəriyyət, əvvəlki sivilizasiyaların böhran tarixində olduğu kimi, öz xilasını tapa bilər - burada isə ilk növbədə mədəniyyət və humanizm önə keçir. Bu mənada idman və ümumiyyətlə, bədən tərbiyəsi bütünlüklə təkcə insanın yaşamı, onun daim dəyişən ətraf mühitə uyğunlaşması baxımından vacib deyil, eyni zamanda, ətraf aləm və öz təbiəti üzərində üstünlüyünün təmin olunmasına yönəlib. İdmanın əsas ideya mayasında insanın öz imkanlarının hüdudlarından kənara çıxmaq, mövcud real varlığının sərhədlərini aşaraq, mənəvi-fiziki və yaradıcı potensialını həyata keçirməsi ilə bərabər, ictimai davranış məsuliyyəti durur. İdman bu yolla özündə fiziki və estetik, eləcə də etik çalarları birləşdirən bir sosio-mədəni hadisə olaraq dərk edilir. İdman fəlsəfəsinə görə, idman Xeyirin fəlsəfəsini təsdiqləyir və Şərin anlaşılmaz mühakiməsini rədd edir...
Güloğlan Cabbarlı-Dünya və Avropa çempionu