Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mina terroru da terrorizmin başqa bir üzüdür

Mina terroru da terrorizmin başqa bir üzüdür


Bu gün işğaldan azad edilmiş ərazilərimizdə iki dəfə mina partlayışı baş verib. Söhbət Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı Ağdamın Yusifcanlı kəndində baş verən mina partlayışından və Fizuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktorun minaya düşməsindən gedir.

Yusifcanlı kəndində qeydə alınan partlayış nəticəsində üç nəfər xəsarət alıb. Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır. Onlar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar.
Fizuli rayonunda baş verən mina partlayışı nəticəsində isə xoşbəxtlikdən heç kim xəsarət almayıb, sadəcə traktora ziyan dəyib.

Amma hər iki partlayışın nəticəsi gözlənildiyindən daha ağır da ola bilərdi.

Dünya birliyi bilməlidir ki, ermənilərin istər 30 illik işğal dönəmində, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsindən sonra ərazilərimizdə basdırdıqları minalar nəticəsində son iki ildə artıq 250 nəfərdən çox mülki vətəndaşımız və hərbçilərimiz ya həlak olub, yadaki ağır xəsarət alıb, şikəst olub. Bəli, Praqa görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin yerli media nümayəndələrimizə müsahibəsi zamanı qeyd etdiyi kimi erməni terroru bu gün də davam edir. Ermənilər tərəfindən basdırılan minalar günahsız insanlarımıza zərər verir. Mina terroru da terrorizmin başqa bir üzüdür.

Lakin əfsuslar olsun ki, Ermənistanın "vəkil"liyini edən böyük dövlətlər və beynəlxalq təşkilatlar isə bu ölkənin Azərbaycana qarşı mina terrorunu davam etdirməsini görməzdən gəlirlər. Onlar Ermənistanın diversiya qruplarının Azərbaycan ərazilərində mina yerləşdirməsini pisləmək və "Minalara son!” demək əvəzinə, Azərbaycana təzyiq göstərməyə, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirməyə üstünlük verirlər. Çünki beynəlxalq hüquq, ədalət anlayışları nə yazıq ki, artıq çoxdan deformasiyaya uğrayıb.

Lakin hər şeyə rəğmən biz ermənilərin mina terrorunu ifşa etməyə, Ermənistanın havadarlarını fakt qarşısında qoymağa davam etməliyik. Çünki hətta ən qatı ermənipərəst çevrələr və liderlər də təkzibedilməz faktlar qarşısında aciz qalanda geri çəkilməli və həqiqəti etiraf etməli olurlar. Biz son iki ildə dəfələrlə bunun şahidi olmuşuq. Odur ki, hücum diplomatiyamızı və əks təbliğatımızı eyni intensivliklə davam etdirməliyik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş