Dünyada ən çox müzakirə olunan məsələlərdən biri Rusiyanın nüvə silahı istifadə edə biləcəyi ilə bağlıdır. Çox təəssüflər olsun ki, müzakirələr ancaq mediada aparılır, real şəkildə kimsə bunu Rusiya ilə danışmır. Ukraynaya hücumdan əvvəlki vəziyyət də eyni ilə belə idi ki, bununlada Rusiya daha çox müharibəyə təhrik edilirdi. İndi də nüvə silahını istifadə etməsi üçün bilərəkdən zəmin yaradılır.
Rusiya 500 ilə yaxındır formlaşıb və dövlətin başlıca siyasəti imperalizmdir. Bu müddətdə Rusiya müharibə və geri çəkilmə dileması qarşısında qaldıqda, açıq-aşkar məğlub ola biləcəyini bilsə belə yenə müharibə variantını seçir. Ona görə Rusiyanı müharibəyə cəlb etmək heç də çətin olmur.
Aydındır ki, Rusiya Ukrayna batağlığına cəlb olunub, geri çəkilməsi Rusiyanın dünya səhnəsindən səsinin kəsilməsi olacaq. Ona görə ölüm ya qalım məsələsində nüvə silahından istifadə etməsi təhlükəsi böyükdür. Putinə ad günü hədiyyəsi olaraq bugün Krımda körpünün partladılması da Rusiya üçün nüvə silahından istifadə etməkdən başqa variantın qalmamasını göstərməkdir. Ümumiyyətlə görünən odur ki, Rusiya – Ukrayna müharibəsində qalib tərəf olmayacaq. Ukraynanın torpaqları işğalda qaldıqca müharibə bitməyəcək, Rusiya məğlub edildikdə də nüvə silahından istifadəyə əl atacaq.
Türk xalqlarına ən böyük zərbəni tarixən Rusiya vurub. Amma indi qısa maraqlar və məqam üçün Rusiyanın zəiflədilməsi və ya çökdürülməsi bizim maraqlara xidmət etsədə, böyük və uzunmüddətli maraqlar üçün bizim üçün uyğun deyil. Çünki Rusiyadan sonra eyni plan Türkiyəyə qarşı tətbiq olunacaq. Rusiyanın çökdürülməsi planını hazırlayanlar onun qalıqları üzərindən türk ölkələrinin sayının artmasını və ya türk dünyasının inkişaf etməsini istəməyənlərdi. Ona görə bizim üçün ən yaxşı variant zəif, daha çox türk ölkələrinə ehtiyacı olan Rusiyadır.
ABŞ, Rusiya – Ukrayna ssenarisi ilə Tayvan – Çin, Yunanıstan – Türkiyə gərginliyini yaratmaqla dünyada müharibələrin çoğrafiyasını genişləndirməkdə aşkar sürətdə canfəşanlıq edir. Hal-hazırda müxtəlif münaqişələr yaratmağa çalışmaqla dünyada sülhə ən böyük təhlükə ABŞ özüdür.
Yalçın Hacızadə-siyasi şərhçi