Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Putinlə görüşür: həlledici olacaq

Ərdoğan Putinlə görüşür: həlledici olacaq


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçiriləcək. Liderlər Qazaxıstanın paytaxtı Astanada Asiya platforması çərçivəsində bir araya gələcəklər.

Dövlət başçılarının müzakirə edəcəyi bir sıra mühüm məsələlər var. Bunlardan birincisi, şübhəsiz ki, Cənubi Qafqazdakı durum, o cümlədən Ermənistanla Türkiyə arasında əlaqələrin normallaşmasıdır. Yəqin ki, Putin həmkarını Praqa görüşünün nəticələri barədə məlumatlandıracaq.

Putin İrəvanın onun təsir dairəsindən tədricən çıxdığını anlayır. Ermənistan baş naziri Nikol Paşinyan onsuz da Qərbyönümlü siyasətçidir. Rusiya ilə Ukrayna arasında davam edən müharibə baş naziri məcbur edir ki, o, manevrlərini sürətləndirsin. Çünki savaşın nəticəsi Paşinyan üçün yaxşı nəsə vəd etmir.

Bundan başqa, rəsmi İrəvan anlayır ki, Bakı ilə münasibətləri bərpa etməkdən başqa yolu yoxdur. Bu isə həm də Ankara ilə diplomatik münasibətlərin bərpasını tələb edir. Kreml rəhbəri sözügedən həqiqətləri yaxşı başa düşür.

Sabahkı görüşdə İrəvanla Bakı arasında yekun sülh müqaviləsinin imzalanması və İrəvan- Ankara münasibətlərinin perspektivi mütləq müzakirə olunacaq. Putin bu məsələdə güzəştə getməyə məcburdur. Və, yəqin ki, belə də olacaq. Çünki Paşinyan kimi, Putinin də başqa yolu yoxdur.

İndi Putinin türkiyəli həmkarının köməyinə çox ehtiyacı var. Çünki Ərdoğan Şərqi Avropadakı müharibədəyə neytral mövqedən yanaşan və Putinlə Zelenski arasında real vasitəçilik edə bilən nadir, bəlkə də, yeganə tərəfdir. Ərdoğan dəfələrlə beynəlxalq tribunalarda Putini müdafiə edib. Əlbəttə, Kreml rəhbəri bunu qiymətləndirməlidir.

Liderlərin Ukraynadakı savaş barədə fikir mübadiləsi aparacaqları da şübhəsizdir. Məlumdur ki, son vaxtlar baş verənlər, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xersonun qanunsuz ilhaqı, Rusiyada elan edilən qismən səfərbərlik, Krım körpüsünün vurulması, həmçinin Ukrayna şəhərlərinin silsiləvi formada raket hücumlarına məruz qoyulması durumu daha da gərginləşdirməklə yanaşı, danışıqlar üçün şansları da azaldır. Bu, Ankara üçün arzuolunan deyil. Çünki Ərdoğan vasitəçilik səylərində, həqiqətən, səmimidir. Yəqin ki, Türkiyə lideri son proseslərə dair münasibətini həmkarının diqqətinə çatdıracaq.

Rusiyada xaos getdikcə dərinləşir. Putinin nüvə silahından istifadə ehtimalı artır. Rəsmi Moskva reallıqları anlayır. Nüvə müharibəsinin başlanmasını Kreml rəhbəri özü də istəmir. O, sadəcə məcburiyyət qarşısında bu addımı ata bilər. Və indi ehtimal edilən nüvə müharibəsinin qarşını ala biləcək yeganə güc yenə də Ankaradır.

Prezidentlərin həm də Rusiyanın Avropaya qaz təminatı barədə danışmaları istisna deyil. İndi elə vəziyyət yaranıb ki, Türkiyənin vasitəçiliyi həm Rusiyaya, həm Ukraynaya, həm də Qərbə lazımdır. Ərdoğanın bu fürsətdən məharətlə istifadə edəcəyinə inanıram.

Fikrimcə, bu günkü görüş həm Cənubi Qafqazdakı, həm də Şərqi Avropadakı proseslərin inkişafı istiqamətində həlledici olacaq. Düşünürəm ki, regionumuzda "düyünlər tədricən açılır". Şərqi Avropada isə tam əksinə, yeni böhranlar yaranır.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş