Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİ missiyası regiona gəldi: Minsk Qrupundan fərqlənməsə, "sinifdə qalacaqlar"

Aİ missiyası regiona gəldi: Minsk Qrupundan fərqlənməsə, "sinifdə qalacaqlar"


Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Ermənistana göndəriləcək mülki missiyanın yaradılması barədə qərar qəbul edib.

Bildirilib ki, missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək və onun tərkibi 40 monitorinq ekspertindən ibarət olacaq: “Bu, Aİ-nin Cənubi Qafqazda davamlı sülhə nail olmaq kimi ali məqsədə töhfə verməyə tam sadiqliyinin daha bir sübutudur”.

Mülki missiya müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq.

Bu təklif Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa dövlət başçısı Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyanın Çexiyanın paytaxtı Praqada keçirdikləri dördtərəfli görüşdə səslənmişdi.

İlk növbədə onu deyək ki, Türkiyə istisna olmaqla, istənilən üçüncü qüvvənin regionda proseslərə təsir edəcək səviyyədə mövcudluğu bizim üçün sərfəli deyil. Çünki ötən otuz il ərzində Rusiyanın da, Fransanın da, ABŞ - ın da qeyri - səmimi olduqlarını görmüşük. Onların Minsk Qrupunun tərkibində prosesləri uzatmaq cəhdləri göstərdi ki, həmin dövlətləri düşündürən regiondakı sabitlik yox, buradakı maraqlarıdır. Deməli, Aİ- nin mülki missiyasından da ciddi bir nəticə gözləməyə dəyməz.

Məlumdur ki, Ermənistan regionla bağlı dekonstriktiv siyasəti zamanı həmişə üçüncü qüvvələrə güvənib. Ayrı - ayrı vaxtlarda müxtəlif dünya dövlətləri və beynəlxalq təşkilatlar İrəvan üçün "hava yastığı" rolunu oynayıb.

Artıq Ermənistanın Daşkəsənlə sərhəddə ağır texnikalar yığmasına dair məlumat var. Çox güman, düşmən bu dəfə Aİ missiyasına arxalanır.

Prezident İlham Əliyev bir müddət əvvəl bildirmişdi ki, ilin sonuna kimi Ermənistanla yekun sülh müqaviləsi imzalana bilər. Əlbəttə, bir çox güclər, o cümlədən Fransa bunu istəmir. Çünki bu zaman onların bölgədəki mövcudluqlarına ehtiyac qalmayacaq.

Maraqlıdır ki, missiyanın fəaliyyətinin iki ay davam edəcəyi bildirilir. Yəni missiya ilin sonuna qədər fəaliyyət göstərəcək. Bu, Aİ- nin sülh prosesinə mane olmaq istiqamətində çalışdığını göstərir.

Nəzərə almaq lazımdır ki, Fransa Aİ- nin aparıcı dövlətlərindən biridir. Parisin Ermənistana, Azərbaycan həqiqətlərinə münasibəti məlumdur. Deməli, bu dövlətdən məkrli addım gözləməmək özü təəccüblüdür.

Başqa vaxt "Qərbin Cənubi Qafqaza gəlişi" bizim "qırmızı xəttimizdir" deyən İran, Rusiya indi "ağızlarına su alıblar". Tehran və Moskva sanki "üç meymun" oynayır. Çünki regionda sabitliyin təmin olunmaması cənub və şimal qonşumuzun da maraqlarına uyğundur. Bu, göstərir ki, onlar da bölgə ilə bağlı bəyanatlarinda səmimi deyillər.
Qarşıdakı günlərdə Ermənistanın təxribatlarının genişlənəcəyi istisna deyil. Aİ missiyasına arxalanan düşmənin "ayağı yel ala bilər".

Nəzərə almaq lazımdır ki, Azərbaycan hər ssenariyə hazırdır. Əgər sərhədə yerləşdirilən mülki missiyadan və səbrimizdən sui - istifadə edilərsə, olan İrəvan və üçüncü tərəflərə olacaq. Ermənistan növbəti dəfə "Dəmir Yumruğun" "dadına baxacaq", beynəlxalq institutlar və dünya dövlətləri isə olan- qalan etimadlarını da itirəcəklər.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş