Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü keçirilib

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü keçirilib


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib.

Newscenter.az xəbər verir ki, müstəqilliyin bərpasının 31-ci ildönümünə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Eləcə də məktəblərdə bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri, intellektual oyunlar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

“Müstəqilliyə aparan yol”, “Müstəqilliyimiz əbədidir”, “Yaşa, Azərbaycan!”, “Müstəqilliyimiz milli sərvətimizdir!”, “Vətən mənim bugünüm”, “Müstəqil Azərbaycan” adlı tədbirlərdə BŞTİ-nin, rayon icra hakimiyyətlərinin, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.

Tədbirlərdə 18 oktyabr tarixinin Azərbaycanın ən şərəfli səhifələrindən biri olduğu, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Azərbaycanın müstəqilliyinin bərpasının 31-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlər söylədikləri şeirlər, ifa etdikləri mahnılarla Vətənə olan sevgilərini nümayiş etdiriblər. Məktəblilər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə əlavə rəngarənglik qatıb.

Tədbirlərdə müstəqillik tariximizdən bəhs edən videoçarx və sənədli filmlər də nümayiş etdirilib.

R.Mehdiyeva
Xəbəri paylaş