Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Yunanıstan Respublikasının ətraf mühit və energetika naziri Konstantinos Skrekasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələlərə dair müzakirələr aparılıb.
Newscenter.az xəbər verir ki, nazir Pərviz Şahbazov Azərbaycanda mövcud çağırışlara uyğun olaraq yaşıl enerji keçidi prosesi çərçivəsində görülən işlər barədə məlumat verib. Təbii qazın keçid dövründə əhəmiyyəti vurğulanıb və Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu ilə nəzərdə tutulan Avropaya qaz ixracı həcminin ikiqat artırılması kontekstində ölkəmizdə qaz yataqları və ehtiyatları haqqında məlumat verilib. Avropaya təbii qazla yanaşı gələcəkdə “yaşıl enerji”nin də ixracının planlaşdırıldığı diqqətə çatdırılıb.
Konstantinos Skrekas Cənub Qaz Dəhlizinin qaz mənbələri və marşrutların diversifikasiyası baxımından Yunanıstan üçün böyük önəm daşıdığını qeyd edib. Nazir layihənin genişlənməsinə və qaz həcmlərinin artırılmasına yüksək maraq ifadə edərək, bu sahədə bağlantı kəmərlərinin əhəmiyyətini vurğulayıb.