Deputat İqbal Məmmədov Sonxeber.az-ın suallarını cavablandırıb.
Newscenter.az həmin müsahibəni təqdim edir:
- İqbal müəllim, bir neçə gündən sonra, noyabr 8-də Azərbaycan tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Zəfər gününü qeyd edəcəyik. İstərdik ilk olaraq bu barədə danışaq.
- 2020-ci ilin sentyabrın 27-də, səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini, eləcə də yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Azərbaycan ordusu vətəndaşlarımızın təhlükəsizliyini qorumaq məqsədilə bütün cəbhə boyu əks hücum əməliyyatına başladı. 44 günlük Vətən müharibəsi tarixə 30 il ərzində tapdalanmış hüquqlarımızın bərpası və düşmənin bütün dünyaya biabır olması kimi həkk olundu.Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin dövlət başçısı seçildiyi ilk gündən ordu quruculuğu sahəsində atdığı addımlar və gənclərimizin vətənpərvərlik ruhda böyüməsi istiqamətində gördüyü işlər sayəsində biz Qarabağı öz sahibinə geri qaytardıq. Bütün istiqamətlərdə, xüsusi ilə də Şuşanın azad edilməsi ilə bağlı aparılan döyüşlər dünyanı heyrətə salıb. Məhz buna görə Azərbaycanın Müzəffər Ordusunun Vətən müharibəsində göstərdiyi şücaəti öyrənilməkdədir. Ali Baş Komandanın xalqa müraciətini və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı çıxışlarını hər birimiz qürur və fəxarət hissi ilə izləyirdik. Hərbi formada Şuşanın işğaldan azad olunduğunu söyləyəndə mən həmin anları göz yaşları içində izlədim və Allaha şükür etdim ki, bu qürurverici anları yaşamaq xalqımıza qismət oldu.
Biz o xalqlardanıq ki, gənclərimiz döyüşdən qaçmırdı. Əksinə, evdən döyüş meydanına qaçırdılar. Zamanında ayaqyalın və zorla doğma dədə-baba yurdlarından çıxarılan körpələrimiz 30 ildən sonra öz Vətənlərini işğaldan xilas etmək üçün tank belində geri qayıtdılar. Artıq Cəbrayılımız, Zəngilanmız, Şuşamız, Ağdamımız, Laçınımız, Kəlbəcərimiz, bir sözlə Qarabağımız azaddır və öz sahibinə geri qaytarılıb. 200 il ərzində ilk dəfədir ki, Azərbaycan işğala məruz qalmır. Əksinə, öz gücü hesabına 30 illik işğala son qoyaraq, ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən müharibəsində biz tək döyüş meydanında deyil, diplomatik və informasiya cəbhəsində də qalib gələrək düşməni diz çökdürüb kapitulyasiya aktını imzalamağa məcbur etdik. Bilirsiniz ki, 2020-ci ilin dekabrın 3-də cənab Prezident "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayır. Artıq ikinci ildir ki, 8 noyabrda iki bayramı bir yerdə qeyd edirik. Yəni Şuşamızın işğaldan azad olunmasını və möhtəşəm Zəfər gününü. Bu möhtəşəm Zəfər bayramını bizə yaşadan Ali Baş Komandana, Müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə və qazilərimizə təşəkkür edirəm.
- Bu gün Ermənistan yenə öz təxribatlarından geri qalmır, müxtəlif istiqamətlərdən atəşkəsi pozur. Sentyabrın 12-dən 13-nə keçən gecə növbəti dəfə erməni terrorçuları genişmiqyaslı təxribata əl atdılar. Ordumuz tərəfindən terrorçular məhv edildi və nəticədə onlar geri çəkilməli oldular. Hazırda da erməni terrorçuları atəşkəsi pozmağa davam edirlər. Əgər ermənilərin təxribatı davam edərsə, növbəti dəfə genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilərmi?
- Təxribat və terror erməni xalqının xislətində var. Artıq heç kim onların törətdiyi təxribatlara təəccüblənmir. Əlbəttə, ermənilər hər törətdiyi təxribata görə Azərbaycanın Müzəffər Ordusu tərəfindən cəzalandırılır və şəhidlərimizin qanı yerdə qalmır. Bu gün ermənilər və havadarları unutmasınlar ki, "Dəmir yumruq" yerindədir və hər an onların başını yenidən əzə bilər. Bu gün bilirsiniz ki, Ermənistan qərbin əlində oyuncağa çevrilib və siyasi iradə qoya bilmir, sadəcə ona verilən tapşırıqları icra edir. Biz sonuncu təxribatdan sonra Paşinyanın zəng etdiyi ölkə başçılarına baxsaq, hər şey aydın olacaq. Bu gün Paşinyan ermənipərəst Makrona güvənir. Makron növbəti dəfə erməni lobbisinin səsini əldə edərək prezident seçilmək üçün sərsəm açıqlamalar verir. Əslində Makron ölkə başçısına yaraşmayan bu açıqlamaları ilə Azərbaycan-Fransa münasibətlərinə kölgə saldığının fərqində deyil. Paşinyanın zərrə qədər ağlı varsa, sülv müqaviləsini imzalayar və təxribatlara son qoyar. Çünki onun bu təxribatları "Dəmir yumruğu" yenidən başlarının üzərində hiss etməyə səbəb ola bilər. Qaldı ki, növbəti genişmiqyaslı hərbi əməliyyatlara, bunun qərarını vermək dövlət başçısına aiddir. Biz bu gün nəyi, necə, nə vaxt edəcəyini yaxşı bilən Ali Baş Komandana sahibik. Hazırda ordumuz bütün təxribatların qarşısını şücaətlə alır. Bundan sonra da alacaq.
- İqbal müəllim, Ermənistan sülh müqaviləsindən imtina edə bilərmi? Bu qərar Ermənistan üçün nə ilə nəticələnə bilər?
- Bu cür qərar qəbul etmək ancaq ağılsızlara aid ola bilər. Ermənistan yaxşı bilir ki, onun sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur. Çünki bu gün Paşinyan yaxşı anlayır ki, bütün cəbhələrdə uduzub və sülh müqaviləsindən imtina edərsə, Ermənistanın bir ölkə kimi xəritədən silinməsinə səbəb ola bilər. Ona görə əminəm ki, Paşinyan Azərbaycanın diktəsi ilə hazırlanan sülh müqaviləsini imzalayacaq.
- Bu gün aktual olan məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Hazırda Azərbaycan öz üzərinə düşən işləri görür, tərəfdaş ölkələr isə layihənin reallaşdırılmasının əhəmiyyətini diqqətə çatdırırlar. Zəngəzur dəhlizinin açılması bizə və qonşu ölkələrə nələri qazandıracaq?
- İlk olaraq qeyd edim ki, Ermənistanın və havadarlarının bütün cəhd və təxribatlarına baxmayaraq, Zəngəzur dəhlizi açılacaq.
Dünən iki qardaş ölkənin Azərbaycan-Türkiyə prezidentlərinin birgə iştirakı ilə açılan Zəngilan Beynəlxalq Hava Limanı bizi Zəngəzura daha da yaxınlaşdırdı. Bilirsiniz ki, artıq bu hava limanı vasitəsilə 45 dəqiqə ərzində Bakıdan Şərqi Zəngəzura çatacağıq. Əlbəttə, bu, bütün azərbaycanlılar üçün böyük sevincdir. Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Bu gün Ermənistan Zəngəzur dəhlizinin açılmaması üçün müxtəlif yollara əl atır. Yenə də Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etmir. Çünki bu dəhlizin açılması Ermənistanın öhdəliklərindən biridir. Cənab Prezident İlham Əliyev hər dəfə çıxışlarında Zəngəzur dəhlizinin açılacağını bəyan edir və Ermənistan təxribatlar ilə buna mane ola bilməyəcək. Bu gün Azərbaycan dəhlizin öz ərazisinə düşən hissəsində işləri sürətlə davam etdirir. Zəngəzur dəhlizinin açılması zamanın tələbi ilə yanaşı, həm də tarixi zərurətdir.
Zəngəzur dəhlizi bütün regiona, o cümlədən Ermənistana fayda verəcək. Bu dəhliz region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması bütün ticarət əlaqələrinin bərpası ilə yanaşı, həm də uzun müddətdən sonra Cənubi Qafqazda sülhün təmini deməkdir. Əslində Zəngəzur dəhlizinin açılması Ermənistanın çökmüş iqtisadiyyatına da müsbət təsir göstərəcək.
Digər tərəfdən, Zəngəzur dəhlizi Azərbaycanla Türkiyənin ikinci birləşmə istiqaməti olacaq. Birincisi isə dörd il əvvəl Bakıda açılışı olan Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Ən önəmlisi isə, Zəngəzur dəhlizinin açılması Azərbaycanın öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşməsi deməkdir. Ümumiyyətlə, nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimadın yaranması deməkdir. Hər kəs yaxşı anlayır ki, Zəngəzur dəhlizinin açılması tək Azərbaycan və Cənubi Qafqaz regionu üçün deyil, həm də Asiya-Avropa nəqliyyat vektoru üzərində yerləşən bütün ölkələr üçün də əlverişli olacaq. Zəngəzur dəhlizi türkdilli dövlətləri birləşdirən körpü rolunu oynamaqla yanaşı, həm də bu ölkələrin iqtisadiyyatına da müsbət təsir göstərəcək. Həmçinin, bu dəhlizin açılması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artmasına şərait yaradacaq. Bir sözlə, Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı, digər ölkələrin də iqtisadiyyatına böyük töhfə verəcək.