Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəb psixoloqları üçün kitabın təqdimatı keçirilib

Məktəb psixoloqları üçün kitabın təqdimatı keçirilib


"Məktəb psixoloqunun stolüstü kitabı"nın təqdimat mərasimi keçirilib.

Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, BP şirkəti və AzEdu Təhsil Portalının birgə layihəsi əsasında dərc olunan kitabın təqdimat mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkili Tamam Cəfərova, AZEDU MMC şirkətinin baş direktoru Elşad Eyvazlı, kitabın həmmüəllifi və elmi redaktoru Laləzar Cəfərova, AZEDU nəzdində Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Müşviq Mustafayev, Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın üzvləri Rüfət Əsədzadə və Pərvanə Məmmədova, "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, məktəb psixoloqları, məktəb direktorları və digər qonaqlar iştirak ediblər.

AZEDU MMC şirkətinin baş direktoru Elşad Eyvazlı kitabın dərc olunmasında əsas məqsədin məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən psixoloji problemlər, stress, mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış emosional durumlar və onun sindromlarının aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etmək olduğunu qeyd edib. Həmçinin E.Eyvazlı layihənin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini söyləyib.

Tədbirdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva kitabın ümumi təhsil məktəblərində psixoloji işin təşkilinə, uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Məktəb psixoloqlarının bilik və bacarıqlarının davamlı şəkildə təkmilləşdirilməsinin vacibliyindən danışan İdarə müdiri faydalı təşəbbüsün reallaşdırılmasında əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.

M.Vəliyeva məktəb psixoloqları üçün onların həm nəzəri, həm də praktiki mənbə olaraq istifadə edə biləcəyi əhatəli vəsaitin ilk dəfə işıq üzü gördüyünü deyib.

Tədbirdə çıxış edən millət vəkili Tamam Cəfərova məktəb psixoloqları üçün stolüstü kitab rolunu oynayan bu zəruri vəsaitin onların peşə fəaliyyətləri zamanı nəzəri və təcrübi bələdçisi missiyasını yerinə yetirəcəyini bildirib.

Millət vəkili T.Cəfərova kitabın məktəb psixoloqları, həmçinin bu ixtisas üzrə təhsil alan tələbələrlə yanaşı, hər bir valideyn və müəllim üçün də yararlı nəzəri bilgilər və praktiki tətbiq metodları ilə zəngin olduğunu deyib.

Tədbirdə çıxış edən kitabın həmmüəllifi və elmi redaktoru Laləzar Cəfərova, Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova, AZEDU nəzdində Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Müşviq Mustafayev, 205 nömrəli tam orta məktəbin psixoloqu Zülfiyyə Məsimova "Məktəb psixoloqunun stolüstü kitabı"nı məktəb psixoloqlarının öz işlərini daha səmərəli qurmalarına dəstək kimi dəyərləndiriblər.

Eyni zamanda yeni nəşr olunan bu vəsaitin geniş nəzəri biliklərin, eləcə də beynəlxalq miqyasda istifadə olunan iş və psixoloji məsləhət metodlarının praktiki tətbiqini əhatə edən bir mənbə olduğu diqqətə çatdırılıb.

Kitab tədbirdə iştirak edən 200 məktəb psixoloquna hədiyyə edilib. Gələcəkdə bu istiqamətdə başqa layihələrin reallaşdırılacağı da diqqətə çatdırılıb.

Qeyd edək ki, "Məktəb psixoloqunun stolüstü kitabı"nı Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov, ADPU-nun Şəki filalının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Nuralı Çələbiyev, Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şəbəsinin müdiri, dosent Laləzər Cəfərova, Bakı şəhəri 11 nömrəli xüsusi təhsil məktəbinin müəllimi, klinik psixoloq, loqoped Babək Əlizadə və başqaları hazırlayıblar. Layihəni BP-nin dəstəyi ilə AZEDU MMC həyata keçirib.

R.Mehdiyeva
Xəbəri paylaş