Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiminləsə mübarizədə təhqirə yol vermək və böhtan atmaq insan mənəviyyatsızlığının son həddidir

Kiminləsə mübarizədə təhqirə yol vermək və böhtan atmaq insan mənəviyyatsızlığının son həddidir


Hər bir insan, istər siyasətçi, istər zabit, istər hüquq işçisi, istərsə də digər sahələr üzrə çalışan insanlar öz peşələrinə uyğun olaraq sosial şəbəkələrdən istifadə etməlidir, təbii ki, etik normalar çərçivəsində. Mən özüm zabit olaraq, orqan əməkdaşı kimi fəaliyyətimlə yanaşı uzun illərdən bəri hüquqşünas kimi yazılarımı ictimaiyyətə əsasən internet şəbəkəsi vasitəsilə təqdim edirəm. Bu yazıların əsas xəttini vətənpərvərlik, hüquq-marifləndirmə, dövlətin əldə etdiyi uğurlar təşkil edir.

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən hüquqşünas Əli İbrahimovun qənaətincə, informasiya cəmiyyətinin xarakterik xüsusiyyətləri və bütün müsbət məqamları ilə yanaşı təhlükəli meyilləri də var:

"Bu sırada sosial şəbəkələr bəzən cəmiyyətin rifahına deyil, zərərli informasiyaların yayılmasına, insanların şəxsi həyatına mənfi təsir etməsinə səbəb olur. Eyni zamanda hazırkı informasiya bolluğunda bəzi hallarda daha dəqiq və keyfiyyətli informasiyanın seçim çətinliyi yaranır. Bu baxımdan sosial şəbəkələr heç də informasiya cəmiyyətinin ali məqsədlərinə xidmət etmir. Son dövrlər ölkəmizdə də bəziləri tərəfindən sosial şəbəkələrin üstünlüklərindən sui-istifadə edildiyini görürük. Belələri öz sosial şəbəkə hesablarından düz insanlara, dövlətə, hakimiyyət orqanlarına qarşı böhtan atmaqla məşğuldurlar. Təəssüf ki, bunların arasında təhqirlərə də yol verilməsi cəmiyyət tərəfindən narahatlıqla qarşılanır, haqlı olaraq insanların narazılığına səbəb olur. Azərbaycan demokratik dövlətdir. Müstəqillik əldə etdikdən sonra respublikamızda demokratik inkişaf istiqamətində mühüm addımlar atılıb, söz, vicdan, sərbəst toplaşmaq azadlığı təmin olunub. Bu gün cəmiyyətimizdə demokratiyanın bütün dəyərləri tam təsbit olunub. İnsan hüquqlarının təmin edilməsi, söz və mətbuat azadlığı müasir Azərbaycanın ən böyük uğurları sırasında yer alır.
Kiminləsə mübarizədə təhqirə yol vermək və böhtan atmaq insan mənəviyyatsızlığının son həddidir".

Hüquqşünas bildirib ki, təhqir etmək həm də sivil qaydada mübarizə apara bilməməyin, zəifliyin göstəricisidir:

"Bu hərəkətlərə yol verənlər cəmiyyət üçün heç bir müsbət nümunə göstərə bilməzlər. Bəli, internetin, sosial şəbəkələrin inkişafı, geniş yayılması və texniki imkanları ondan təhqir etmək və böhtan atmaq üçün istifadə edilməsini də reallığa çevirib. Bununla yanaşı artıq dünyanın bir çox yerlərində məhz sosial şəbəkələr vasitəsilə insan ləyaqətinin alçaldılmasına görə hüquqi müstəvidə qiymət verilməsinin mexanizmləri gücləndirilib. Bir çox ölkələrdə böhtan və təhqirə görə, sosial şəbəkələr nəzarətə götürülərək ciddi tədbirlər görülür. Azərbaycanda bu sahədə son illərdə müəyyən addımlar atılıb. Belə ki, Azərbaycan Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan atmağa görə müvafiq məsuliyyət nəzərdə tutulur. Məcəllənin 148-ci maddəsi isə təhqir etmə ilə bağlıdır. 148-1-ci maddədə göstərilir ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Əli İbrahimov hesab edir ki, bütün bunlar yetərli sayıla bilməz:

"Çünki bir sıra hallarda təhqir və böhtanların yayıldığı sosial şəbəkə hesabları xarici ölkələrdə açılır ki, buna qarşı da mübarizə aparmaq çətindir. Ona görə bu məsələyə tamamilə yenidən baxılmalı, sosial şəbəkələrdə təhqir və böhtanlara qarşı yeni hüquqi mübarizə və nəzarət metodu tətbiq olunmalıdır. Çünki sosial şəbəkələrdə bəlli qrupların istifadə etdiyi qeyri-insani mübarizə metodları ümumilikdə cəmiyyəti narahat edir. Belə hallara qarşı hər kəs sərt reaksiya verməli, cəmiyyətimizə qarşı hörmətsizliyin qarşısı dərhal alınmalıdır".

Mehman
Xəbəri paylaş