2022-ci ilin yekunlarını təhlil edərkən həm hərbi-siyasi, həm sosial iqtisadi, həm də beynəlxalq münasibətlər məcrasında uğurlu bir ili başa vurduğumuz aydın görünür. Təbii ki, uğurlar və qələbələrin təməlində doğru idarəçilik, qətiyyət, möhkəm iradə, siyasi və iqtisadi müstəqilk, o cümlədən daxili sabitlik, artan beynəlxalq nüfuz, milli həmrəylik, ən əsası isə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də qeyd etdiyi kimi, Heydər Əliyevin yoluna sədaqətimiz dayanıb.
Heç şübhəsiz ki, bu il də qalibiyyətlər seriyası davam edəcək və 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi özlüyündə əlahiddə bir perioda işarədir. Daha dəqiq desək, "Heydər Əliyev İli" yalnız Ulu Öndərin 100 illik yubileyi ilə əlamətdar olmaqla kifayətlənməyəcək, bu il həm də Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın tarixində müstəsna, taleyüklü bir il olacaq. Bu mənada, əslində bayram müraciətində cənab İlham Əliyev həm də 2023-cü il üzrə yol xəritəsini elan etmiş oldu. Birinci növbədə, bu il sülh müqaviləsi imzalana bilər. Sülhə aparan yolda isə seçim təbii ki, Ermənistanındır, ya könüllü olaraq şərtlərimiz qəbul olunacaq, ya da sülhə məcbur ediləcək. Düzdür, Azərbaycana 2023-də hərbi qarşıdurma arzu etmirik, lakin eyni zamanda BMT Nizamnaməsi bizə təhlükəsizliyimizi təmin etmək hüququ verir. Bu mənada cənab İlham Əliyev də müraciətində, Azərbaycanın artan hərbi imkanlarını təsadüfən vurğulamadı. Həmçinin bu güc bizə imkan verəcək ki, regionda sülhü təmin etməklə bərabər, Naxçıvanla quru bağlantımız təmin edilsin, dövlət başçısının da anonsunu verdiyi kimi, "Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də". Azərbaycanın artan imkanları, Ermənistanın müttəfiqliklərinin özünü doğrultmaması, xüsusən Fransanın bu günlərdə BMT Təhlükəsizlik Şurasındakı fiaskosu Prezident İlham Əliyevin Azərbaycanın "diqtə edən tərəf" statusunu daha da möhkəmləndiyini göstərdi.
Bu il həmçinin Böyük Qayıdış proqramının icra arealı genişlənəcək, Zəngilanın ardınca Laçın öz sakinlərinə qovuşacaq. Şaxələndirilmiş və artan iqtisadiyyat, xüsusən reallaşmaqda olan meqalayihələr də hədəflərə doğru irəliləmək üçün imkanlar vəd edir. Bu mənada cənab Prezidentin çıxışında əhatələnən 2023-cü ilin yol xəritəsinin realizəsi şübhə doğurmur.
Təbii ki, 2022-ci ildə olduğu kimi, "Heydər Əliyev İli" ndə də korrupsiya ilə mübarizə dövlətin prioritetlərindən biri olaraq qalacaq. Həm korrupsiyaya qarşı mübarizədə, həm də hər hansı formada məmur özbaşınalığını ehtiva edən istənilən hərəkətə qarşı ciddi tədbirlər davam edəcək. Həyata keçirilən kadr və struktur islahatları ilə cənab İlham Əliyev bu gün elə bir daxili siyasi situasiya və möhkəm dövlətçilik məfkurəsi formalaşdırıb ki, dövlətə, dövlət başçısının siyasi kursuna və xalqa xəyanət edən, yaxud tamahının əsirinə çevrilən kimliyindən asılı olmayaraq hər hansı məmurun əvəzlənməsi dövlət aparatının normal və stabil fəaliyyəti üçün əngələ çevrilmir. Bu mənada 2023-cü ildə etimadı doğrultmayacaq, qarşıya qoyulan milli prioritetlərə nail olmaq üçün səy göstərməyən, dövlət maraqların təmin edilməsində töhfə verməyən, Heydər Əliyev yolunda yürüməyə layiq olmayan heç kimə hansısa formada ikinci şans verilməyəcək.
Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı