Toplum olaraq həmrəyliyimizi güclü və dönməz edən amillərdən biri də bizim milli-mədəni dəyərlərimizdir. Dahi bəstəkarımız Üzeyir Hacıbəyli də həm öz uca şəxsiyyəti ilə, həm də bir-birindən möhtəşəm musiqi əsərləri ilə artıq çoxdan milli DƏYƏRlərimiz sırasına daxil olub. Bu baxımdan, iki gəncin Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atması bütövlükdə milli dəyərlərimizə, Azərbaycan mədəniyyətinə və ən nəhayət, insanlığa qarşı həqarətdir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Millli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədri daha sonra qeyd edib:
"Mən ölkədə bəzi savadsız gənclərin olduğunu bilirdim. Ancaq bu cür vandal, gerizəkalı gənclərin ola biləcəyini isə heç təsəvvürümə də gətirməzdim. Üzeyir Hacıbəyli qədər ən ünlü musiqi dühamızı tanımayan və onun heykəlinə qarşı təhqiramiz davranışa yol verən bu cür varlıqların olması təhsil məsələsi ilə yanaşı, həm də mədəniyyətimizin və görkəmli şəxsiyyətlərimizin təbliği sahəsindəki boşluqlardan xəbər verir. Təhsil və mədəniyyət bizim bir nömrəli prioritetimiz olmalıdır. Əlaqədar qurumlar bu barədə ciddi düşünməlidirlər. Həmçinin ailə tərbiyəsindəki əksiklikləri də qeyd etməliyik. Belə gəncləri böyüdən, onlara tərbiyə verən valideynlər görəsən, öz övladlarının bu cürə idbar davranışından heç utanırlarmı? Məgər o valideynlər ömürlərində heç olmasa, bir dəfə də olsun Üzeyir bəyin "Koroğlu" üvertürasını övladlarına dinlətdirməyiblərmi? Və yaxud, bu gənclər ən azından orta məktəbdə oxuyarkən Üzeyir Hacıbəylinin müəllifi olduğu Dövlət Himnimizi də dinləməyiblər? Axı Üzeyir bəyin kimliyindən xəbərsiz olmaq və onun heykəlini tanımamaq mümkün deyil".
MHP sədrinin qənaətincə, bu cür cahil gənclərimiz varsa, əslində bunun məsuliyyəti bizim hamımızın üzərinə düşür:
"Biz belələrini islah etməyə çalışmalıyıq. Arsızlığın və düşüklüyün qarşısını hamımız birlikdə almalıyıq. Dəyərlərimizə, tarixi şəxsiyyətlərimizə sayğısız yanaşan bu cür yeniyetmələr və gənclərlə maarifləndirici iş aparmalıyıq. Ən azından belələrinin əlindən tutub onları Şəhidlər Xiyabanına aparmaq, orada uyuyan, Vətən yolunda, insanlarımızın dinc və rahat yaşaması naminə öz canlarından keçən gənc şəhidlərimizin məzarlarını bu cahillərə göstərmək, onları utandırmaq, tənbeh etmək lazımdır. Bir sözlə, bu cür qeyri-insani davranışa qətiyyən səthi yanaşmaq olmaz. Əks təqdirdə, bu gün dahi Üzeyir bəyin heykəlinə ayaqqabı atanlar, sabah şəhid məzarlarına da daş atarlar. Biz milli həmrəyliyimizi zədələyən bu cür xoşagəlməz hallara və davranışlara qarşı sərt təpki göstərməliyik".
Mehman