Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək haqqı 345 manata çatdırılıb. Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, son sərəncam sosial təminata daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir. Millət vəkili qeyd edib ki, 700 min vətəndaşımızı əhatə edəcək minimum əmək haqqıdakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılcaq:
"Minimum pensiyadakı artımı da nəzərə alsaq maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaşımız birbaşa faydalana biləcəklər. Bu o deməkdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əmək haqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq. Artımlar özəl sektoru da əhatə edəcək. Yəni, yalnız dövlət sektorunda deyil, özəl sahədə də bu ildən 345 manatdan az əmək haqqı verilə bilməz".
Vüqar Bayramov onu da deyib ki, son sərəncam ilə Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq minimum əmək haqqı 200 dollarlıq həddi keçdi:
"Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu 40,2 faiz üstələyəcək. Bu sərəncam eyni zamanda digər sahələrdə də artım üçün baza yaradacaq. Son sərəncam 2023-cü ildə də sosial təminat məsələlərinin prioritet olacağını bir daha təsdiq edir. Sosial proqramlarda artımlar il ərzində davam etdiriləcək".
Anar