Fövqəladə Hallar Nazirliyi Gədəbəy rayonunun Arıqdam kəndində qızıl emalı zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Newscenter.az-a bildirilib ki, Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mis-qızıl zavodunun platasiya sexində baş verdiyi məlum olub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 2 100 m² olan platasiya sexinin yüngül metal konstruksiyalardan ibarət üzlük hissəsi 180 m² sahədə, pres filter avadanlığının yanar hissələri, mühərriklər, nasos avadanlıqları, elektrik kabelləri və elektrik panelləri yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Mehman