Bayram günlərində yenə də yollarımızda xeyli itkilər oldu. Bəzən qətliamı xatırladan yol-nəqliyyat hadisəslərinin səbəbləri barədə çox danışılır və yazılır. Əksəriyyət bunun səbəblərini insan amili ilə bağlayır. Özü də sözün dar mənasında insan amili ilə: hər şeyin günahkarı hərəkət iştirakçıları (sürücülər, piyadalar, sərnişinlər və s.) hesab edilir
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib ki, əslində isə bu yol qırğınlarının dəyişilməz olaraq qalmasının, hətta bəzən artmasının kökündə həm də bu səhv yanaşma dayanır:
"Bütün günahları hərəkət iştirakçılarında axtarmaq kökündən yanlışdır, bundan çoxdan əl çəkilməlidir. Hətta bunu mən demirəm, hələ 1998-ci ildə qəbul edilən Qanun deyir. “Yol hərəkəti haqqında” Qanunun 7-ci maddəsinin 1-ci hissəsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsiplərindən biri belədir: Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyü. Burada dövlət dedikdə, ölkəmizdə yol hərəkəti təhlükəsizliyi sistemini qurmalı, idarə etməli və ona nəzarət etməli olan orqan və qurumlar (NK-nın müvafiq şöbəsi, RİNN, DYP, BNA, AAYDA, xeyli məsələrədə yerli icra hakimiyyəti orqanları) başa düşülür".
Ekspert hesab edir ki, ona görə də hər şeyi yazıq sürücünün, piyadanın, sərnişinin, moped sürənin üzərinə yükləmək doğru deyil:
"Adını çəkdiyim qurumların aydın Yol hərəkəti təhlükəsizliyini idarə etmə sistemi olmalı və real işləməlidir. Əks təqdirdə heç bir irəliləyiş ola bilməz".
Ərşad Hüseyniv bildirib ki, vəziyyətdən çıxış yollları da qanunvericilikdə əksini tapıb:
"Artıq beşinci ildir ki, Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı qəbul edilib. Proqramda əsas addımlar (peşəkar və təhlükəsiz sürücülərin yetişdirilməsi, hərəkət iştirakçılarının intizamlı və məsuliyyətli davranışına nail olunması, avtoparkın yenilənməsi, küçələrin işıqlandırılması, hərəkətin təşkilinə müasir yanaşma və s.) təsbit edilib. Onları icra etmək isə hələ ki, yada düşmür. Unutmayın ki, heç kəs sığortalanmayıb, ona görə də heç kimə və heç nəyə arxayın olmadan yollarda daim intizamlı və ayıq-sayıq olun. Bu həm sürücüyə, həm piyadaya, həm də sərnişinə aiddir".
Mehman