İsrailin Azərbaycandakı səfiri Corc Dikin mətbuata açıqlamasında bizim cənub qonşumuz İranla bağlı səsləndirdiyi fikirlərlə tamamilə şərikik. Bəli, İran həqiqətən də Yaxın Şərqdə, Cənubi Qafqazda və hətta Ukraynada da qeyri-sabitlik və müharibələrin ya əsas mənbəyi, yadaki dəstəkçilərindən biridir. İran qlobal problemdir və şər ölkədir. İranı "şər mənbəyi" adlandıranlar heç də yanılmayıblar.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədri təəssüf hissi ilə bildirib ki, bu "şər mənbəyi"nin hədəfində olan ölkələrdən biri də Azərbaycandır:
"Ermənistanın işğalçı siyasətindən, Xankəndidəki ermənilərin separatçılığından 30 il əziyyət çəkən Azərbaycan, indi də İranın təxribatları ilə, davakar ritorikası və təhdidləri ilə üz-üzə qalıb. Bu ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bir yandan azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edir və Tehran-Bakı əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışır, ancaq onların telefon söhbəti bitər-bitməz, o biri yandan SEPAH-a (İran İslam İnqilabı Keşikçiləri Korpusu) bağlı Teleqram-kanallar Azərbaycana qarşı növbəti video-çarx yayır, üzərində “Qüdsə gedən yol” sözü yazılmış İran bayrağını daşıyan hərbi qiyafəli uşaqların Xudafərin körpüsünün yanından Arazın bu tayına doğru addımladığını əks etdirən videogörüntüləri yaymaqla Azərbaycanın suverenliyini təhdid edirlər".
MHP sədri qeyd edib ki, bunun ardınca isə, SEPAH-ın generalı Əlirza Tanhayi 3 yanvar 2020-ci ildə Bağdadda öldürülən Qasim Süleymaninin ölüm ildönümündə çıxışı zamanı "Azərbaycan Ukraynadakı vəziyyətdən dərs almalıdır" deyərək, ölkəmizi hədələyir və Ukrayna kimi Azərbaycanın da günün birində hücuma, işğala məruz qala biləcəyinə eyham vurur:
"Bu da azmış kimi üstəgəl, İranın molla rejimi yanvarın 7-də 1992/93-cü illərdə Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən və ölkəmizi parçalamağa çalışan xain separatçı Ələkrəm Hümbətovun anım mərasimini keçirməyə hazırlaşır. Bütün bunlar bu və ya digər formada Azərbaycana qarşı təzyiq elementləridir. Biz İranın yüksək rütbəli hərbçilərinin Azərbaycana qarşı bu cür təhdid dolu təxribatçı bəyanatlarına və İran hökumətinin ermənipərəst davranışlarına artıq öyrəncəli olmuşuq. Ancaq hər şeyin də bir yerə qədər həddi var. Azərbaycan dövlətinin, Azərbaycan xalqının səbri, təmkini limitsiz deyil ki. Fars-molla rejimi Azərbaycanın səbrini sınağa çəkməməlidir".
Əlisahib Hüseynov hesab edir ki, Azərbaycanın da əks tədbirlər görmək üçün kifayət qədər geniş imkanları var:
"Əminik ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlər də çox olacaq. Çünki bu gün İranın destruktiv davranışlarına son vermək istəyən aktorlar çoxdur. İranı dayandırmağın vaxtı gəlib çatıb. Bəli, İsrailin ölkəmizdəki baş diplomatı Corc Dik tamamilə haqlı olaraq qeyd edir ki, bu gün bütün dünya İranı dayandırmalıdır".
Anar