Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

27 ilin közərən ocağı

27 ilin közərən ocağı


Bir neçə gündü düşünürəm, yazım yoxsa yox. Fikirlərimi toparlaya bilmirəm. Alınmır, nə etsəm də cümlələri bir-birinin ardına düzə bilmirdim. Naxçıvanda baş verənlər, yerlilərimin, can qardaşlarımın durumu ağrıdır məni...
Düşünürəm, nəticədə Naxçıvanda yaşayan əziz yerlilərimə bir sual ünvanlanaq istəyirəm:

“Demokratiya bilirsiniz nədir?”... Çoxunuz ümumi fikir deyəcəksiniz və ən sonda da “mitinq və nümayişlər azadlığı” deyərək öz dediyinizdən əl çəkməyəcəksiniz.. Amma yox, ay qardaşım, ay bacım... Əsl həqiqətdə isə demokratiya insan şəxsiyyətinə hörmətdir.

27 ildə əzilmisiz, məhv edilmisiz, tapdanmısınız. Bu gün insan şəxsiyyətinə hörməti yaşamaq istəyirsinizsə bir az səbrli olacaqsınız... 27 illik problemi 27 günə yox, heç 270 günə də “təmizləmək” çətindi.

Mən Vasif Talıbovdan yazmayacam. Qəti...27 ildə sizdən biri olmuşam... İndi yazsam özümə də gülünc olar...
Bu gün sərt iqlimli Naxçıvanda hava nə qədər soyuq olsa da, ürəklərdəki ümid sabahın havasının çox mülayim olacağını ehtiva edir. Amma bu istiliyin qarşısını alan kimlərdi? Həəə, əziz naxçıvanlılarım, amma bu dəfə sizlərsiz...
Anlayıram, anlayışla qarşılayıram... 27 ildi dözmüsüz, dözməyənlər mənim kimi Bakı, Bakıya gələ bilməyənlər Dilucu sərhəd məntəqəsindən keçib Türkiyənin şəhərlərinə yol tutublar. Amma mən Bakıya gəlib burada illərlə özümə yer tapa bilmədim. Çünki, bu illərdə neçə üzlü insanlara rast gəldim, neçə-neçə simasız insanlar gördüm.. Həəə, onda bildim Naxçıvanın qədrini... O zaman yada düşdü Məmməd Araz, onun yazdıqları...

“Kəndim balacasan, çox balacasan,
Siyasət çayları boy verməz sənə...
Özləri bələdçi, özləri yazan
Göydələn şəhərlər hay verməz sənə”...

Yadımdan çıxmamış candaşlarıma bunu da çatdırım, biz Bakıda banklar arasında “haça-paça” qalmışıq, hazırlaşın, yəqin ki, 22 kommersiya bankından ən azı 10u da lövbərini Naxçıvandan salacaq.

Günəş doğdu və qəflətən... Bir sərəncam gözlərdə işıq, ürəklərdə ümid yaratdı. Prezident Naxçıvana səlahiyyətli nümayəndə təyin etdi...

Səlahiyyətli nümayəndə Naxçıvana çatar-çatmaz lokal mitinq, piketlər vüsət almağa başladı. Niyə, nə dəyişdi axı? Fuad bəy Sizlərin problemlərini çözmək, həll etmək üçün ordadırsa, niyə imkan vermirsiniz işləməyə? İnsan bizim problemləri həll etmək istəyir, bizim 27 illik yığılıb qalmış dərdlərimizi dinləmək istəyir, amma sizlər ona imkan yaratmaq əvəzinə , daha da çalışırsınız ki, mane olasınız. Bu düzgün deyil. Axı biz Naxçıvan caamatı belə deyilik ...
Aldığım məlumata görə Fuad Nəcəflinin rayonlardakı görüşləri gecə saatlarınadək davam edir. Keçmiş rejim yuxusundan ayılmayan icra başçıları hələ də mütləq şəkildə “yaltaq korpusu”nu bəsləməkdə, iclaslara çağırıb özlərinə tərif dedirtməklə rəhbərliyin gözünə girməyə israrlıdırlar. Amma bilmirlər ki, ox yaydan çoxdan çıxıb. Onların da zamanına az qalıb, yəqin ki, qısa zamanda naxçıvanlılar da o “qara yara”lardan qurtulacaqlar... Hər kəs biləcək, görəcək ki, məhz bizi, sizi Naxçıvanda yaşamağa qoymayan o şəxslərdir, o yaralardır.

Hə, yenə qayıdaq naxçıvanlıları qınamağa... Məni də qınamayın ee, ən asan şeydi bu məmləkətdə bir kimisə qınamaq, bir də məsləhət vermək. İndi sualım əziz candaşlarımadı. Fuad Nəcəfli gəlib bizə kömək etməyə, niyə imkan vermirsiz o işini görsün ? O zatən işini görür, amma sizlər imkan versəniz sizlərin problemi daha tez həll oluna bilər... Amma sizlərin etdiyi sanki “başsız atlı” obrazını yaradır. Kütləvi problemlərin həllində “ağız deyənin qulağı eşitmir”. Seçin içinizdən birini – ikinizi, yazın verin adbaad əlinə dərdinizi, qoyun gedib dərdinizi səsləndirsin. Taksi sürücüləri, “Şərq qapısı”çılar, ardınca ticarətçilər. Qıraqdan çox idbar görünür hərəkətləriniz, arada özünüzə paytaxtdan da baxın. Bütün Azərbaycan sizin azad olmağınıza sevinir, sizi izləyir, amma sizlər nə edirsiz ? Dövlətin təyin etdiyi şəxsə bu cürə münasibət göstərirsiniz? Bəs biz Naxçıvanlıların əsrlərdən bəri qorunub saxlanan adətləri, ənənələri, dövlətə və onun qərarlarına sayğısı harda qaldı ?

Uzaqda olsaq da, orada baş verənləri daha yaxından izləyirik. Biz naxçıxanlılar doğulduğumuz elə-yurda bağlıyıq. Oranın dərdi dərdimiz, sevinci sevincimizdi. Fuad müəllim də elə belə təyin edilən kadr deyil, o bizdən biridir, Naxçıvanlıdır..Yad insan olsa dinmərəm, amma o bizim içimizdən çıxmış bir şəxsdir.

Təyinatından bu günədək Fuad Nəcəfli iki dəfə Əlahiddə Ümumqoşun Komandanlığı ilə görüşüb. Bu bilirsiniz nə deməkdi? Ali Baş Komandanın birbaşa tapşırığı – problemlər həll olunmalıdır, amma Naxçıvanın mühafizəsi və müdafiəsi bir an belə kölgədə qalmamalıdır...

Hə, yadımdan çıxmamış soruşum. Bakıda Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi var. Onun axırı görəsən nə olacaq? Orada dostlarımız işləsə də, məhz daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərova görə oranın tezliklə bağlanmasını istəyirəm. Naxçıvanlıların yaralı barmağına bir dəfə “vişnevski” sürtmədin, yoldaş Əsgərov. Bir dəfə o balaca "mağaza-qərargah"ımıza gəlmədin. Halbuki sən daha yaxşı bilirdin ki, 5 ildi Naxçıvanda ailə
təsərrüfatçılarına, kiçik sahibkarlara az da olsa dəstəyik. Bəxtiyar Əsgərov özünü Bakıda naxçıvanlıların nümayəndəsi kimi yox, yad ölkənin səfiri kimi özünü apardı. Yəqin ki, onun da fəaliyyəti araşdırılacaq...

Əziz naxçıvanlılar, imkan verin Fuad Nəcəfli işləsin!

Emin Tarverdiyev
Xəbəri paylaş