"İranda hansı siyasi rejim iqtidarda olsa avtomatik Azərbaycan Respublikasına qarşı siyasi düşmən olacaqdır. Bu bizim dövlətimizin siyasəti, yaxud ABŞ, İsraillə dost müttəffiq olması ilə elə də bağlı deyildir. Əksinə Ermənistan və Gürcüstanla münasibətlərinin çox yaxşı olması göz qabağındadır. Onlara belə dövlətlərlə yüksək səviyyəli qonşuluq münasibətləri lazımdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri tarixçi Rəfael Eminov səsləndirib. O bildirib ki, İran üzərinə embarqolar qoyulub və bizim kimi ölkələr İrana həyatda qalmaq üçün oksigen kimi lazımdır:
"Bəs problem nədir? İranın problemi öz içindədir! Bu, 100 ildən artıqdır rəsmən haqqını boğduğu, ən təbii hüquqlarını tapdadığı, zülmlə saxladığı, vətənini - yurdunu ayrı seçkilik siyasətinə məruz qoyduğu, Cənubi Azərbaycan əhalisidir. Apardıqları yanlış daxili siyasət, rejimlər dəyişsə də dəyişdirilməyən dövlət strategiyaları, bu əhalini potensial hər an püskürə biləcək vulkana çevirib. İranda kürdlər, ərəblər, bəluclar və sair xalqlar da var. Lakin onların heç biri İran siyasətçilərini qorxutmayıb. Ya zamanla, ya axarla hamısını həll edəcəklər. Əzəcəklər necəsə. Onlar bir neçə ay ayaq üstə qala bilməz. Azərbaycan isə elə deyil".
Tarixçi qeyd edir ki, 100 ildən artıqdır bu xalqın şimalda müstəqil olan hissəsinin, özüdə həmsərhəd hissəsinin, qurduğu, inkişaf etdirdiyi və hər bir resurslara, imkanlara malik dövlət sistemi var:
"Hər cür idarəçilik aparatına qədər formalaşmış bütün institutları var. Yetər ki, Təbriz və digər şəhərlərdən bəzisi, Urmu, Zəngan, Ərdəbil, Xoy, Marağa, Kərəc, Qoşaçay, Maku, Əhər, Xamnə, Qəzvin, Həmədan, Sulduz, Meşgin qısa müddət ərzində ayaqda durub davam gətirsin. Onda İranın evi yıxıldı. Bax buna görə bizi potensial düşmən görürlər. Biz neynəsək də onlar bizimlə düşmənçiliyi yerə qoymayacaqlar. Azərbaycan dövlətçiliyinin məhvinə çalışacaqlar. Buna görə hər şey edəcəklər. Milyardlarla dollar xərcləyəcəklər. Və xərcləyirlər də. Buna əmin olmaq lazımdır.
İnanıram ki, bir gün bu qorxu onların başına doğrudanda gələcək".
Anar