Həqiqətən dünyada güclü erməni lobbisi var. Amma həmin lobbinin və bəzi ölkələrin Ermənistan sevdası səmimi deyil. Onun arxasında əslində Ermənistanı dəstəkləməkdən çox türk dünyasına düşmənçilik və reionda qalma və ya var olma marağı dayanır.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yalçın Hacızadə səsləndirib. O bildirib ki, erməni lobbisi fəaliyyət göstərdikləri ölkədə hakimiyyət nümayəndələrini ələ almaq üçün xərclədikləri vəsaiti Ermənistana yatırsaydılar, Ermənistan daha çox inkişaf edərdi:
"Və ya niyə erməni iş adamları Ermənistana investisiya qoymurlar, strateji obyektlərin bir çoxu Rusiyanın mülkiyyətinə keçib. Həmçinin, özlərini erməni “sevdalısı” kimi aparan dövlətlər (ABŞ və Fransa) niyə ancaq Ermənistanı siyasi baxımdan dəstəkləyirlər, lakin iqtisadi və digər sahələr üzrə vəziyyət eyni deyil. Ermənistanda fransız və amerikan kapitalı, investisiyası çox azdır. Halbuki, Ermənistanı dirçəltmək onlar üçün heç də çətin deyil. Necəki, İkinci Dünya Müharibəsindən sonra Amerika “Marşal” və digər planlarla dağılmış Avropanı bərpa etdi. Və ya 1948-ci ildə İsrailin müstəqil olmasından sonra ona dəstək olaraq regionun super dövlətinə çevirdilər".
Yalçın Hacızadə onu da qeyd edib ki, Rusiya. Ermənistan dövlətinin yaranması layihəsinin müəllifidir, amma inkişafında maraqlı deyil:
"Daim münaqişəli vəziyyətdə qalmasını istəyir. İndiki Azərbaycan – Ermənistan münaqişəsində də Rusiya tərəflərin heç birini dəstəkləmir, ancaq münaqişəni dəstəkləyir. Erməni yönümlü siyasətinin arxasında münaqişənin davam etməsi dayanır. Ona görə tərəflər arasında sülhün yaranmasına imkan vermir. Hətta çalışır ki, Ermənistan torpaq iddialarından imtina etsə belə münaqişəni gəlmə separatçının hesabına davam etdirə bilsin".
Yalçın Hacızadə hesab edir ki, əgər Ermənistanı dəstəkləyən ölkələr səmimi olsaydılar, onlar zəif Ermənistana münaqişənin davam etdirməməsini, onun inkişafının Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq və iqtisadi münasibətlərin bərpa edilməsindən keçdiyini bildirərdilər.
Anar